...

Şərqşünaslıq İnstitutunda görkəmli alim Aida İmanquliyevanın həyat və yaradıcılığına həsr olunmuş elmi sessiya keçirilib

Cəmiyyət Materials 12 Oktyabr 2012 19:13 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın həyat və yaradıcılığına həsr olunmuş elmi sessiya keçirilib
Şərqşünaslıq İnstitutunda görkəmli alim Aida İmanquliyevanın həyat və yaradıcılığına həsr olunmuş elmi sessiya keçirilib

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın həyat və yaradıcılığına həsr olunmuş elmi sessiya keçirilib.

İnstitutdan Trend-ə daxil olan məlumata görə, böyük alimin anadan olmasının 73-cü ildönümünə həsr edilən tədbiri giriş sözü ilə Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva açıb. Aida İmanquliyevanın elmi və təşkilati fəaliyyətindən danışan Baxşəliyeva onun məhcər ədəbiyyatı sahəsində tədqiqatlarından söz açıb, böyük alimin tərcümələrinin hər zaman böyük məhəbbətlə qarşılandığını qeyd edib.

O deyib ki, Aida İmanquliyeva ərəb ədəbiyyatşünaslığı sahəsində bir məktəb yaratmış alimdir: "Aida xanımın o vaxt açdığı elmi cığırlar indi də davam etdirilir. Onun əsərləri bu gün ərəb aləmində geniş yayılıb. Aida xanım əsərlərində öz dövrünü bir neçə onillik qabaqlayaraq, Şərqlə Qərb arasında qarşılıqlı təsiri gözəl əks etdirib. Professor Aida İmanquliyeva Azərbaycanda Şərq-Qərb qarşılıqlı ədəbi əlaqə və təsirini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alimdir".

İnstitut direktorunun sözlərinə görə, Şərq və Qərb mədəniyyətlərinin qarşılıqlı təsir və əlaqələrini öyrənərkən alim hər iki ədəbiyyatın ümumbəşəri dəyərlərini əsas götürür, mədəni tərəqqini şərtləndirən amillərə istinad edirdi. Onun tədqiqatları nəticəsində mütləq bir həqiqət müəyyənləşib.

"Şərqin bir çox ölkələrinin müasir inkişafı bir həqiqəti ortaya qoyur - Qərbin mədəni dəyərləri o zaman yerli zəmində kök sala və onu zənginləşdirə bilər ki, onlar Şərq ənənəsinə və milli xarakterə uyğun formalarda əxz edilsinlər. Alimin çoxsaylı elmi əsərlərində Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii üslubun təşəkkül tapması tədqiq olunur ki, bu da nəinki ərəb ədəbiyyatının, həmçinin bütün yeni Şərq ədəbiyyatlarının həmin aspektdə tədqiqi üçün çox mühüm zəmin yaradır", - Baxşəliyeva deyib.

O, Aida İmanquliyevanın pedaqoji fəaliyyətindən də danışıb. Bildirib ki, görkəmli pedaqoq uzun illər Bakı Dövlət Universitetində ərəb ədəbiyyatı fənnindən xüsusi kurs aparıb. Onun bir pedaqoq, elmi rəhbər kimi böyük nüfuzu olub.

Baxşəliyeva Aida İmanquliyevanın Şərqşünaslıq İnstitutunda Ərəb filologiyası şöbəsinə rəhbərliyi dövründə 10-dan çox namizədlik dissertasiyasının müdafiə edildiyini, yüksək ixtisaslı kadrların yetişdirildiyini xüsusi vurğulayıb.

O, Aida xanımın Şərqşünaslıq İnstitutunda direktor müavini, direktor kimi çalışdığı dövrdə dəyərli elmi təşkilatçılıq fəaliyyətindən, görkəmli alimin beynəlxalq elmi konfranslarda Azərbaycan şərqşünaslığını layiqincə təmsil etməsindən danışıb.

Daha sonra çıxışlar olub. Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin müdiri, filologiya elmləri doktoru Vilayət Cəfərov Aida İmanquliyevanın elmi irsinin təbliğindən söz açıb. Cəfərov bu sahədə görülən işlərdən danışıb, xüsusilə də Aida xanımın görkəmli ərəb yazıçısı Mixail Nuaymənin yaradıcılığının təbliğində böyük xidmətlərini qeyd edib.

Cəfərov çıxışında Aida İmanquliyevanın dünya şərqşünaslıq mərkəzlərində böyük nüfuza malik olmasından danışıb, görkəmli alimlərin Aida xanım haqqında söylədikləri maraqlı fikirləri xatırladıb.

Nizami adına Ədəbiyyat İnstitutunun Xarici ölkələr ədəbiyyatı və ədəbi əlaqələr şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Bəsirə Əzizəliyeva Aida İmanquliyevanın Şərq-Qərb ədəbi əlaqələrinin tədqiqində xidmətlərindən söz açıb.

Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir tarixi şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Esmeralda Həsənova, institutun əməkdaşlarından filologiya üzrə fəlsəfə doktoru Bəşarət Bəşirova, tarix üzrə fəlsəfə doktoru Sevda Süleymanova və başqaları çıxış edərək, professor Aida İmanquliyevanın elmi yaradıcılığının özəlliklərindən söz açıb, böyük alimlə bağlı xatirələrini danışıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti