...

Azərbaycanda yeni məktəbə hazırlıq modeli tətbiq ediləcək

Cəmiyyət Materials 16 Oktyabr 2012 13:56 (UTC +04:00)
YUNİSEF Azərbaycanda daha çox sayda uşağı məktəbəqədər təhsilə cəlb etmək məqsədilə yeni məktəbə hazırlıq modelini təqdim edib.
Azərbaycanda yeni məktəbə hazırlıq modeli tətbiq ediləcək

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

YUNİSEF Azərbaycanda daha çox sayda uşağı məktəbəqədər təhsilə cəlb etmək məqsədilə yeni məktəbə hazırlıq modelini təqdim edib.

YUNİSEF-dən çərşənbə günü Trend-ə verilən məlumata görə, bu məqsədlə 2013-2014-cü illər ərzində "Qısamüddətli yay məktəbə hazırlıq proqramı" pilot şəklində Şabran, Yardımlı, Gədəbəydə həyata keçiriləcək. Bu ərazilərdə 3500-ə yaxın 5-6 yaşlı uşaq proqramda iştirak edəcək.

Məktəbəqədər təhsildən istifadə imkanları olmayan uşaqların məktəbə hazırlığının yaxşılaşdırılması məqsədilə həyata keçirilən proqram çərçivəsində 130 məktəbdə 10 həftəlik məktəbə hazırlıq qruplarının açılması nəzərdə tutulub. Rayon məktəblərindən seçilmiş müəllimlər qrupu üçün YUNİSEF-in mütəxəssisləri tərəfindən təlim kursları keçiriləcək. Proqramda iştirak edəcək müəllimlər və pilot qruplar təlim və tədris vəsaitləri və təhsil ləvazimatları ilə təmin ediləcəklər.

Proqramda iştirak edəcək rayonlar iki meyar - imkansız uşaqların məktəbəqədər təhsilə çıxış imkanı və rayonda təhsil müəssisələrinin sayının azlığı nəzərə alınmaqla seçilib.

YUNİSEF-dən bildirilib ki, Azərbaycanda hazırkı məktəbəqədər müəssisələr sistemi məktəbəqədər təhsildən istifadə hüququna malik olan bütün uşaqları əhatə etmir. Hazırda Azərbaycanda 5 yaşlı uşaqların yalnız 17,06 faizi məktəbəqədər müəssisəyə gedir.

"Azərbaycan hökuməti vəziyyəti yaxşılaşdırmaq üçün fəal qaydada tədbirləri həyata keçirir. Hazırda məktəbəqədər təhsil prioritet məsələ olaraq müəyyən edilib. Lakin biz bilirik ki, bu məsələnin həll edilməsi müəyyən vaxt aparacaq və növbəti illərdə bir çox uşaq məktəbəqədər təhsildən kənarda qalacaq", - YUNİSEF-dən deyilib.

Pilot proqramı icra edəcək tərəfdaşlar yerli icra hakimiyyəti orqanları, Təhsil Nazirliyi, Maliyyə Nazirliyi, YUNİCEF, valideynlər, yerli icmalar və yerli KİV olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti