Azərbaycan, Bakı, 18 dekabr /Trend/
Budapeştdə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 20-ci ildönümünə həsr olunmuş kitab buraxılıb.
Trend Azərbaycanın Macarıstandakı səfirliyinə istinadən məlumat verir ki, ingilis dilində nəşr olunan kitabda Azərbaycanın müstəqillik tarixindəki mühüm yubiley münasibətilə ötən ilin noyabr ayında Macarıstan paytaxtında keçirilən beynəlxalq konfransın materialları toplanıb.
Ölkəmizin Macarıstandakı səfiri Vilayət Quliyevin redaktəsi altında buraxılan kitaba Macarıstan Milli İqtisadiyyat Nazirliyinin dövlət katibi Roza Nad, akademik İsa Həbibbəyli, Milli Məclisin deputatı Mübariz Qurbanlı, Macarıstan parlamentinin üzvü Marton Döndöşü, Azərbaycan MEA Şərqşünaslıq İnstitutunun direktoru, professor Gövhər Baxşəliyeva, keçmiş səfir Andre Erdeş, Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov, siyasi təhlilçi Peter Dunai və b. müəlliflərin Azərbaycan-Macarıstan münasibətlərinə, son iyirmi il ərzində Azərbaycanın beynəlxalq aləmdə, iqtisadiyyat, mədəniyyət, elm və təhsil sahələrində, vətəndaş cəmiyyəti quruculuğunda əldə etdiyi uğurlara dair məqalələri daxil edilib.
Səfir Vilayət Quliyev kitaba ön söz yazıb.