Azərbaycan, Bakı, 31 yanvar /Trend/
Afrika İttifaqının insan resursları, elm və texnologiya üzrə komissarı Jan Pier Ezinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Gənclər və İdman Nazirliyinin dəvəti ilə yanvarın 31-dən fevralın 4-ə qədər Bakıda səfərdədir.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Xarici İşlər Nazirliyində, Dövlət Neft Fondunda, Gənclər və İdman Nazirliyində, Azərbaycan Diplomatiya Akademiyasında olacaq və müxtəlif gənclər təşkilatları ilə görüşəcəklər.
Səfər çərçivəsində Afrika İttifaqı ilə gənclər sahəsində əməkdaşlıq, Azərbaycanın Afrika İttifaqının gənclər nazirlərinin konfransında müşahidəçi statusda təmsil olunması, Afrika dövlətlərinin gəncləri üçün "təlimçilər üçün təlim" proqramının təşkili, gənc mütəxəssislər üçün təcrübə kurslarının keçirilməsi, gənclər təşkilatları arasında əməkdaşlıq, təbii ehtiyatlardan səmərəli istifadə ilə bağlı gənc mütəxəssislər üçün Azərbaycan təcrübəsinin öyrənilməsi və s. istiqamətlərdə əməkdaşlıq kimi məsələlər müzakirə ediləcək.