Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir İ.İsabalayeva/
Bu il yanvarın 1-dən Azərbaycanda bakalavriat və magistratura səviyyələrində ixtisaslar üzrə hər bir təhsil alana düşən xərclərin miqdarı 40 faiz artırılıb. Trend-in məlumatına görə, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci ildə fəaliyyəti haqqında hesabat"da qeyd edilib ki, dövlət büdcəsindən təhsilə ayrılan xərclər 2003-cü ildəki 234,8 milyon manatdan 5,6 dəfə artaraq 2012-ci ildə 1,31 milyard manata yüksəlib. Təhsil sektoruna qoyulan investisiyaların həcmi artaraq 2004-cü ildəki 24,7 milyon manatdan 787,6 milyon manata çatıb.
2008-ci ildə ölkə üzrə internat tipli dövlət uşaq müəssisələrinin sayı 55 olduğu halda, "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqlların ailələrə verilməsi (De-institusioalizasiya) və alternativ qayğı Dövlət Proqramı"nın icrası nəticəsində müəssisələrin sayı 2012-ci ildə 42-ə enib.
Müvafiq tədbirlər nəticəsində ölkə üzrə 589 nəfər uşağın internat tipli dövlət uşaq müəssislərinə düşməsinin qarşısı alınıb. 2012-ci ildə övladlığa götürülən uşaqların mərkəzləşdiriımiş siyahısında olan 10 uşaq övladlığa verilib.
2012-ci ildə 123 uşaq dövlət uşaq müəssisələrindən bioloji ailələrinə və ya qohumlarının himayəsinə qaytarılıb.
Azərbaycanda 50 təhsil müəssisəsində "Elektron məktəb" layihəsinin həyata keçirilməsinə başlanılıb, 1700 məktəb genişzolaqlı internetlə təmin edilib. İnternetə qoşulmuş məktəblərin sayı 2003-cü ildəki 1,5 faizdən 2012-ci ildə 31 faizə yüksəlib.
Ötən il Azərbaycanda 8 özəl məktəbəqədər, 4 ümumtəhsil, 2 ali və 1 əlavə təhsil müəssisəsinə lisenziya verilib, 7 müxtəlif təhsil müəssisəsinin lisenziyası uzadılıb.
Azərbaycanda təhsil alan əcnəbilərin sayı 7 min nəfərə çatıb.