Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir İ.İzzət/
Cənubi Qafqazda İİV-li xəstələrin sayında artım ən çox Azərbaycanda müşahidə edilir, daha sonrakı yerləri isə Gürcüstan və Ermənistan tutur.
Trend xəbər verir ki, bunu səhiyyə naziri Oqtay Şirəliyevə "Dəstəyə görə Təşəkkür" mükafatının təqdimat mərasimində çıxışı zamanı UNAİDS-in Azərbaycan ofisinin rəhbəri Cəmilə Cərrahova deyib.
Onun sözlərinə görə, 2011-ci ilin sonuna olan məlumata əsasən, Şərqi Avropa və Mərkəzi Asiya regionu ölkələrində ümumilikdə 928 min 101 nəfər İİV-ə yoluxan xəstə qeydə alınıb. 2011-ci ildə yeni qeydə alınan 94930 nəfər HİV-li xəstələrin 89,6 faizi 2 ölkənin - Rusiyanın (63 min 950 nəfər) və Ukraynanın (21 min 177 nəfər) payına düşür. Regionda 34 milyondan çox İİV-in yoxlanmasına dair test keçirilib.
Cərrahova qeyd edib ki, dünyanın 25 ölkəsində yeni yoluxma halları 50 faizdən çox azalsa da, bunu adiçəkilən regiona aid etmək olmaz.
"Təəssüf ki, bu hal bizim regionda artır. Lakin uşaqlar arasında İİV-ə yoluxma və eləcə də ölüm halları azalıb. Azərbaycanda İİV-ə yoluxma halı əsasən, inyeksiya və cinsi əlaqə yolu ilə yayılır. Gürcüstanda isə əsasən, heteroseksual əlaqə vasitəsilə yayılır. Azərbaycanda QİCS-dən ölüm, o cümlədən xəstəliyin anadan uşağa keçməsi halları da ilbəil azalır. Qadınlar arasında HİV-ə yoluxma nisbətən artıb",- Cərrahova vurğulayıb.
UNAİDS-in Azərbaycan ofisinin rəhbərinin sözlərinə görə, onları narahat edən məsələrlərdən biri də İİV-li xəstələrin çoxunun, xüsusən də kişilərlə cinsi əlaqədə olan kişilərin müayinə olunmağa cəhd etməmələridir. O, bunu çox qorxulu hal kimi dəyərləndirib.