...

Azərbaycanda polis əməkdaşına müqavimət göstərməkdə ittiham olunan hüquqşünasa bəraət verilib

Cəmiyyət Materials 5 İyul 2013 13:00 (UTC +04:00)
Şirvan Apelyasiya Məhkəməsində polis əməkdaşına müqavimət göstərməkdə ittiham olunan Masallı rayon sakini, 1973-cü il təvəllüdlü, “Qanun və Hüquq” MMC-nin direktoru Elçin Ağayevin apelyasiya şikayəti üzrə məhkəmə başa çatıb.
Azərbaycanda polis əməkdaşına müqavimət göstərməkdə ittiham olunan hüquqşünasa bəraət verilib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir A.Məmmədov/

Şirvan Apelyasiya Məhkəməsində polis əməkdaşına müqavimət göstərməkdə ittiham olunan Masallı rayon sakini, 1973-cü il təvəllüdlü, "Qanun və Hüquq" MMC-nin direktoru Elçin Ağayevin apelyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

Trend-in məlumatına görə, hakim Qəzənfər Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, təqsirləndirilən şəxsin apelyasiya şikayəti qismən təmin edilib və Astara Rayon Məhkəməsinin hökmü ləğv edilib.

Qərara əsasən, Elçin Ağayevin barəsində bəraət hökmü çıxarılıb. Təqsirləndirilən şəxsin apelyasiya şikayətinin Lənkəran rayonunun sabiq prokuroru Ramiz Nəbiyevin və Lənkəran Rayon Prokurorluğunun müstəntiqi barəsində xüsusi qərar çıxarılmasına dair hissəсi təmin edilməyib. Elçin Ağayevin cəzasının ağırlaşdırılması ilə bağlı Baş prokurorluğun protesti təmin edilməyib.

Elçin Ağayev Cinayət Məcəlləsinin 315.1-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə ittiham edilib və Astara rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə 5 ay 19 gün müddətinə şərti cəza alıb və məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, 23 mart 2011-ci il tarixdə, saat 17 radələrində Lənkəran Şəhər Polis Şöbəsinin Cinayət axtarışı bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Vüqar Bəhmənovun rəhbərliyi ilə polis əməkdaşlarının xidməti vəzifələrini yerinə yetirmələri ilə əlaqədar həmin şöbənin İstintaq bölməsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə istintaq edilən cinayət işi üzrə 04 mart 2011-ci il tarixli qərarla axtarışda olan Bəxtiyar Mirzəyevin qeydiyyatda olduğu Lənkəran şəhəri, Ü.Hacıbəyov küçəsi, 42 nömrəli ünvanda olması barədə əməliyyat məlumatı əsasında qeyd olunan ünvana gediblər.

Polis əməkdaşları Bəxtiyar Mirzəyevə axtarışda olmasını və onlarla bilrlikdə polis şöbəsinə getməli olduğunu bildiriblər. Bəxtiyar Mirzəyev polis şöbəsinə getməyəcəyini deyərək mobil telefonla zəng edərək vəkili kimi təqdim etdiyi Elçin Ağayevi çağırıb.

Elçin Ağayev cinayət işi üzrə proses iştirakçısı olmadığı halda həmin ünvana gələrək Bəxtiyar Mirzəyevin barəsində olan axtarış qərarı ilə tanış olub, polis əməkdaşlarına Bəxtiyar Mirzəyevin Lənkəran Şəhər Polis Şöbəsinə aparılmasına imkan verməyəcəyini bildirib.

Həmin vaxt polis əməkdaşları xidməti vəzifələrini yerinə yetirərək Bəxtiyar Mirzəyevi polis avtomobilinə mindirib aparmaq istəyərkən Elçin Ağayev hakimiyyət nümayəndəsi olan Lənkəran Şəhər Polis Şöbəsinin Müvəqqəti saxlama təcridxanasının polis konvoy nəfəri, polis serjantı Zaur Qafarovu kənara itələyərək əynində olan polis xüsusi geyim formasının sağ paqonunu dartıb qoparıb. Əli ilə sifət nahiyyəsinə vuraraq ona sağlamlığa zərər vurmayan xəsarət yetirməklə hakimyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti