Azərbaycan, Bakı, 28 avqust /Trend/
Azərbaycan Gənclər Fondu "Ən yaxşı sosial çarx" adı altında gənclər arasında qısametrajlı sosial çarxlar müsabiqəsini keçirir.
Azərbaycan Gənclər Fondunun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müsabiqənin keçirilməsində məqsəd gənclərin yaradıcılıq potensialından istifadə edərək cəmiyyətin diqqətini gənclərin sosial problemlərinin həllinə istiqamətləndirməkdir.
Müsabiqədə 14-29 yaş arasında olan gənclər və ya gənclərin təşəbbüs qrupları iştirak edə bilər. Müsabiqə çərçivəsində iştirakçılar tərəfindən hazırlanacaq qısametrajlı sosial çarxlar yol hərəkəti təhlükəsizliyi və mədəniyyəti; vətənpərvərlik; ekologiya və ətraf mühitin qorunması; gənclik və təhsilin təbliği; milli adət və ənənələrimiz; müasir ailə dəyərləri kimi istiqamətləri əhatə etməlidir.
Müsabiqəyə ağ-qara və yaxud rəngli, MP4, 1020p-HD formatda 3 (üç) dəqiqəyə qədər çəkilmiş və DVD diskə köçürülmüş çarxlar təqdim oluna bilər. Müsabiqə üzrə 1-ci yer üçün 2000 manat, 2-ci yer üçün 1500 manat, 3-cü yer üçün isə 1000 manat məbləğində pul mükafatı və diplom təqdim olunacaq.
Nəzərinizə çatdıraq ki, Gənclər Fondu gənclərdən gələn çoxsaylı müraciətləri və müsabiqəyə göstərilən marağı nəzərə alaraq müsabiqəyə son müraciət tarixini dəyişib. Müsabiqədə iştirak edənlər hazırladıqları qısametrajlı sosial çarxları 1 oktyabr 2013-cü il tarixinədək Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna təqdim etməlidir. Ünvan: Bakı şəhəri, Bülbül prospekti, 7B, Sahil Biznes Mərkəzi, ofis 4.
Bütün yaradıcı gəncləri müsabiqədə aktiv iştirak etməyə dəvət edirik!