...

Ali məktəblərə yeni qəbul olunmuş abituriyentlərin Prezidentlə görüşü onlara əlavə stimul verir

Cəmiyyət Materials 6 Sentyabr 2013 16:58 (UTC +04:00)
Ölkə başçısı İlham Əliyevlə dünən Lənkərandakı Gənclər Mərkəzidə görüşən cənub zonasının bu ilki qəbul imtahanlarında yüksək bal toplamış abituriyentləri bu görüşdən sonra özlərində təhsillərini davam etdirmək üçün böyük stimul hiss ediblər.
Ali məktəblərə yeni qəbul olunmuş abituriyentlərin Prezidentlə görüşü onlara əlavə stimul verir

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbirlər İ.İsabalayeva, M.Əliyev /

Ölkə başçısı İlham Əliyevlə dünən Lənkərandakı Gənclər Mərkəzidə görüşən cənub zonasının bu ilki qəbul imtahanlarında yüksək bal toplamış abituriyentləri bu görüşdən sonra özlərində təhsillərini davam etdirmək üçün böyük stimul hiss ediblər. Görüşün təəssüratlarından ayrılmayan gənclər öz hisslərini Trend-ə də açıqlayıblar.

Ali məktəblərə bu il keçirilən qəbul imtahanlarında Cəlilabad rayonu üzrə ən yüksək bal toplamış abituriyent - Zahidov Rasif 680 balla Azərbaycan Dövlət Tibb Universitetinin müalicə işi ixtisasına qəbul olub. Ölkə Prezidenti ilə sentyabrın 5-də keçirilən görüşdən olduqca məmnun qalan R.Zahidovun sözlərinə görə, azərbaycanlı gənclərin xaricdə təhsilinə önəm verilməsi bu gün Azərbaycan üçün çox vacibdir: "Dövlət başçısı da öz çıxışında xaricdə təhsilə xüsusi əhəmiyyət verdiyini vurğuladı. Mən bundan çox razı qaldım. Çünki mən özüm də gələcəkdə təhsilimi xaricdə davam etdirmək istəyirəm".

Cəlilabad rayonundan 652 balla Azərbaycan Dövlət Tibb Universitetinin müalicə işi ixtisasına daxil olan Sona Əsgərova da Prezidentlə görüşün keçirilməsindən və bu görüşdə şəxsən iştirak etməsindən çox razı qaldığını söyləyib.

Onun sözlərinə görə, dövlət başçısı görüşdə hətta onları maraqlandıran bəzi məsələlərə də aydınlıq gətirib: "Biz bundan çox məmnun qaldıq. Ölkə başçısının təhsilimizə və bizə göstərdiyi diqqət biz gəncləri çox sevindirir".

ADTU-nun bakalavr səviyyəsini bitirdikdən sonra xaricdə təhsil almaq arzusunda olan S.Əsgərova ali məktəblərə yeni qəbul olan ölkənin regionlarından olan abituriyentlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün tələbə yataqxanalarının yaradılmasını da arzuladığını açıqlayıb.

Prezident İlham Əliyevlə görüş ali məktəbə qəbul olunan Gülaya təhsil üçün böyük stimul verib. Bunu 685 balla Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olunan Gülay Seyfullayevanın atası Sabir Seyfullayev bildirib. O qeyd edib ki, tibb sahəsində peşəkar mütəxəssis olmaq üçün uzun illər təhsil almaq lazımdır: "Qızım Gülay dünən cənab Prezidentlə görüşdə uzun təhsil yolunda addımlamaq üçün böyük stimul aldı". S.Seyfullayev dövlət başçısına fərqlənən gənclərə göstərdiyi diqqətə görə öz minnətdarlığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti