...

BMT-nin mənzil-qərargahında “Azərbaycan-Tolerantlıq məkanı” adlı sərgi açılıb (FOTO)

Cəmiyyət Materials 27 Sentyabr 2013 11:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir İ.İzzət/

Bu gün BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Heydər Əliyev Fondunun təşəbbüsü, BMT-nin Sivilizasiyaların Alyansı və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinın birgə təşkilatçılığı ilə həyata keçirilən "Azərbaycan-Tolerantlıq Məkanı" adlı fotosərginin açılış mərasimi olub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Trend-ə bildiriblər ki, bir həftə ərzində davam edəcək fotosərgidə Heydər Əliyev Fondunun "Azərbaycan - tolernatlıq ünvanı" layihəsi çərçivəsində Azərbaycana dəfələrlə yaradıcı səfərlər etmiş dünya şöhrətli fotoqraf Reza Deqatinin ölkəmizdə dini tolerantlığı əks etdirən fotoşəkilləri sərgilənəcək.

Sərginin açılışı və BMT-nin Sivilizasiyaların Alyansının Dostları Qrupunun ali səviyyəli iclası münasibətilə təşkil olunmuş rəsmi qəbulda çıxış edən BMT-nin Sivilizasiyaların Alyansı üzrə Ali nümayəndəsi cənab Nassir Abdulaziz Al-Nasser bildirmişdir ki, bu il Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Bakıda keçirilən II Dünya Mədəniyyətlərarası Forumu zamanı o bir daha Azərbaycanın mədəniyyətlərarası dialoq və dini tolerantlıq sahəsində dərin ənənələrə malik olduğunu, bu ənənələrin qorunması istiqamətində Azərbaycan dövlətinin davamlı fəaliyyətinin şahidi olmuşdur. BMT-nin Ali nümayəndəsi bugünkü sərginin BMT-nin Baş Assambleyasının 68-ci sessiyası çərçivəsində açılmasının dünya birliyinin Azərbaycan dövlətinin multikulturalizm və tolerantlığın təmin olunması sahəsindəki fəaliyyətinə verdiyi yüksək qiymətin bariz nümünəsi olduğunu vurğulamışdır. O, BMT-nin Sivilizasıyların Alyansı ilə Azərbaycan arasında əlaqələrin yüksələn xəttlə inkişaf edəcəyinə ümidvar olduğunu bildirmişdir.

Sərginin açılışında çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov tədbirdə toplanmış BMT-nin üzv ölklərini təmsil edən heyət başçılarını səmimi salamlayaraq, ölkəmizdə dini tolerantlığın çoxəsrlik tarixindən danışmışdır. O qeyd etmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin təbirincə "multikulturalizm və milli-dini azlıqlara hörmət Azərbaycan xalqının milli xüsusiyyətidir". Natiq daha sonra bildirmişdir ki, son illərdə Azərbaycan dövləti, həmçinin Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən irimiqyaslı beynəlxalq tədbirlər Azərbaycanı mədəniyyətlər və dinlərarası dialoqun tanınmış beynəlxalq mərkəzinə çevirmişdir.

Qeyd edək ki, müstəqillik tarixində ölkəmizin tolerantlıq ənənələrini BMT-də tərənnüm edən bu ilk sərgi bir həftə ərzində davam edəcək. Sərginin BMT-nin Baş Assambleyası münasibətilə Nyu-Yorka toplaşmış ali səviyyli nümayəndə heyətləri, həmçinin BMT nəzdində diplomatik missiyaların diplomatları, bu beynəlxalq qurumun qonaqları və beynəlxalq media təmsilçiləri tərəfindən ziyarət edilməsi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti