...

Bakıda avtobus sürücülərinin özbaşınalığı: 97 sərnişin avtobusu idarəetmədən kənarlaşdırılıb

Cəmiyyət Materials 21 Dekabr 2013 11:54 (UTC +04:00)
Son 5-6 gündə Bakıda aparılan reydlər nəticəsində 97 sərnişin avtobusu idarəetmədən kənarlaşdırılıb. Bunu Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
Bakıda avtobus sürücülərinin özbaşınalığı: 97 sərnişin avtobusu idarəetmədən kənarlaşdırılıb

Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir İ.İzzət/

Son 5-6 gündə Bakıda aparılan reydlər nəticəsində 97 sərnişin avtobusu idarəetmədən kənarlaşdırılıb. Bunu Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

K.Əliyev bildirib ki, avtobuslar, əsasən, sənədsiz və nasaz idarə olunduğundan idarəetmədən kənarlaşdırılıb. Bunların arasında avtobusların sənədsiz idarə edilməsinə daha çox rast gəlinir.

Onun sözlərinə görə, reydlər zamanı 150-dən çox avtobus sürücüsü inzibati məsuliyyətə cəlb olunub.

K.Əliyev bildirib ki, bu reydlər davamlı olacaq.

Şöbə rəisinin sözlərinə görə, reydlərin keçirilməsində məqsəd ağır qəzaların baş verməsinin qarşısını almaq, sərnişindaşımada nizam-intizam yaratmaq, yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir:

"Yol polisi tərəfindən yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı ciddi tədbirlər görüləcək. Onlar bilməlidirlər ki, onlarla insanın həyatına görə məsuliyyət daşıyırlar. İnsanların həyatı ilə oynamaq olmaz. Ona görə də avtobus sürücüləri diqqətli olmalı və "Yol hərəkəti haqqında" qanunun tələblərinə ciddi riayət etməlidirlər".

Qeyd edək ki, 2013-cü ilin 11 ayı ərzində avtobusların iştirakı ilə 97 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəzalar nəticəsində 52 nəfər ölüb, 116 nəfər xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti