...

Azərbaycanda avtomobillərə dövlət qeydiyyat nişanlarının yeni qaydalarla verilməsinə nə vaxt başlanacaq?

Cəmiyyət Materials 29 Dekabr 2013 13:40 (UTC +04:00)
Nazirlər Kabinetinin dekabrın 20-də təsdiq etdiyi "Nəqliyyat vasitələrinə rəqəmlərin və hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilmə Qaydası"nın icrasına hələ başlanılmayıb.
Azərbaycanda avtomobillərə dövlət qeydiyyat nişanlarının yeni qaydalarla verilməsinə nə vaxt başlanacaq?

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir İ.İzzət/

Nazirlər Kabinetinin dekabrın 20-də təsdiq etdiyi "Nəqliyyat vasitələrinə rəqəmlərin və hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilmə Qaydası"nın icrasına hələ başlanılmayıb.

Bununla bağlı müəyyən proqramlar hazırlanacaq. Yalnız bundan sonra onun icrasına başlanacaq. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

Şöbə rəisinin sözlərinə görə, bu, kifayət qədər vaxt tələb edən prosesdir: "Yeni Qaydanın təsdiqlənməsi o demək deyil ki, avtomobil sahibləri artıq Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edə bilər. Artıq bəzi KİV-lərdə qeyd edilir ki, dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasını internetdə sərbəst seçərək almaq mümkün olacaq. Əslində bununla bağlı işlərə yalnız qaydalara uyğun proqramlar işləndikdən sonra başlamaq mümkün olacaq. Avtomobil sahibləri arasında ajiotaj yaranmasın deyə, "Nəqliyyat vasitələrinə rəqəmlərin və hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilmə Qaydası"nın icrasına nə vaxt başlanacağı barədə ictimaiyyətə əlavə məlumat veriləcək".

Qeyd edək ki, Nazirlər Kabineti 2013-cü il dekabrın 20-də "Nəqliyyat vasitələrinə rəqəmlərin və hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilmə Qaydası"nı təsdiqləyib.

Bu Qayda avtonəqliyyat vasitələrinə rəqəmlərin və hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsi qaydasını tənzimləyir.

Sənədə əsasən, avtonəqliyyat vasitələrinə dövlət qeydiyyat nişanı nəqliyyat vasitəsinin dövlət qeydiyyatına alınması zamanı verilir. Nəqliyyat vasitəsinin sahibi dövlət qeydiyyatı zamanı verilmiş dövlət qeydiyyatı nişanının rəqəm və hərf kombinasiyasının dəyişdirilməsi üçün müraciət edə bilər.

Dövlət qeydiyyat nişanının verilməsi üçün nişanda əks olunan rəqəmlərin və hərflərin kombinasiyasına müvafiq olaraq "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 18.65.6-cı maddəsi ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu alınır.

Rəqəmlərin və hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsinin təşkilinə gəlincə, qaydalarda göstərilir ki, dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləği, mövcud olan rəqəm və ya hərf kombinasiyaları barədə məlumatlar və elektron müraciətlərin qəbulu üçün xidmətlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin internet səhifəsində yerləşdirilir. Mövcud olan rəqəm və ya hərf kombinasiyaları barədə məlumatların öyrənilməsinə və dövlət rüsumunun ödənilməsinə imkan verən və istifadəsi sadə olan elektron avadanlıqlar həmin orqanın imtahan-qeydiyyat məntəqələrində quraşdırılır, habelə hər kəsin yaxşı görə biləcəyi yerlərdə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləğini əks etdirən lövhələr yerləşdirilir.

Dövlət qeydiyyat nişanının verilməsi zamanı dövlət qeydiyyat nişanının alınması ilə bağlı internet vasitəsilə elektron formada müraciət etmə imkanı və həmin şəxsin növbəsi barədə (tarix və vaxt göstərilməklə) eyni qaydada məlumatın verilməsi; dövlət qeydiyyat nişanının verilməsi işinin elektron idarəetmə sistemi əsasında, növbələrin yaranmasını istisna edən şəraitdə, fasiləsiz və "bir pəncərə" prinsipi ilə təşkili; dövlət qeydiyyat nişanının verilməsi ilə bağlı dövlət rüsumunun yalnız bank, poçt, plastik kart və ya internet vasitəsilə ödənilməsi, bunun üçün texniki imkanların yaradılması, o cümlədən qeydiyyat-imtahan məntəqələrində ödənişləri qəbul edən xüsusi terminalların quraşdırılması; dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləğinin, mövcud olan rəqəmlərin və hərflərin kombinasiyaları barədə məlumatların açıqlanması; dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və hərflərin kombinasiyalarını xüsusi elektron terminallar, o cümlədən internet vasitəsilə sərbəst seçmək və sifariş etmək imkanı aşağıdakılar təmin olunmalıdır.

Sənəddə qeyd edilir ki, avtonəqliyyat vasitəsinin dövlət qeydiyyatı üçün müraciət edən şəxs qeydiyyat-imtahan məntəqəsində yerləşdirilmiş xüsusi elektron terminal vasitəsilə dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasını sərbəst seçərək, onun üçün müəyyən edilmiş dövlət rüsumunu elə həmin terminal vasitəsilə ödəyir və terminalın avtomatik olaraq çap edib verdiyi seçilmiş rəqəm və hərf kombinasiyasını, ödənilmiş dövlət rüsumunun məbləğini və aparılmış əməliyyatın nömrəsini, həmçinin şəxsiyyət vəsiqəsinin nömrəsini əks etdirən qəbzi nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üçün tələb olunan sənədlərə əlavə edir.

Şəxs avtonəqliyyat vasitəsinin dövlət qeydiyyatı üçün internet vasitəsilə müraciət etdikdə, müraciət səhifəsində dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasını sərbəst seçərək, onun üçün müəyyən edilmiş dövlət rüsumunu elə həmin səhifədə ödəyir. Dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasının seçilməsi, onun üçün müəyyən edilmiş dövlət rüsumunun ödənilməsi avtomatik qeydiyyata alınır və bu barədə şəxsin elektron poçt ünvanına məlumat göndərilməklə, əməliyyatın qeydiyyat nömrəsi internet səhifəsində əks olunur. Şəxs çap etdiyi həmin məlumatı nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üçün tələb olunan sənədlərə əlavə edir.

Avtonəqliyyat vasitəsinin sahibi dövlət qeydiyyatı zamanı verilmiş dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasının dəyişdirilməsi üçün qeydiyyat-imtahan məntəqəsinə və ya internet vasitəsilə müraciət edə bilər.

Qeydiyyat-imtahan məntəqəsinə daxil olan şəxs xüsusi elektron terminala yaxınlaşaraq, şəxsiyyət vəsiqəsinin nömrəsini, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin nömrəsini daxil edir və dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasını sərbəst seçərək, onun üçün müəyyən edilmiş dövlət rüsumunu, habelə yeni qeydiyyat şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumunu elə həmin terminal vasitəsilə ödəyir. Bundan sonra elektron terminal avtomatik olaraq qəbz çap edir. Qəbzdə seçilmiş dövlət qeydiyyat nişanının rəqəm və hərflərinin kombinasiyası, ödənilmiş dövlət rüsumları, aparılmış əməliyyatın nömrəsi və şəxsin növbəsi əks olunur.

Şəxsin qəbzdə göstərilmiş növbəsi çatdıqda, o sənədləri qəbul edən pəncərəyə yaxınlaşaraq, şəxsiyyət vəsiqəsini, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini və qəbzi təqdim edir. Qəbzdə göstərilmiş əməliyyatın qeydiyyat nömrəsi əsasında sənədləri qəbul edən şəxs elektron idarəetmə sistemi vasitəsilə təqdim edilmiş sənədlərin və əks edilmiş məlumatların düzgünlüyünü yoxlayır və sistem vasitəsilə avtomatik generasiya edilən ərizəni çap edir və imzalanması üçün şəxsə təqdim edir. Ərizədə şəxsin adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinin nömrəsi, nəqliyyat vasitəsinin dövlət qeydiyyatı şəhadətnaməsinin nömrəsi, mühərrik, ban və şassi nömrələri, habelə rəngi, dövlət qeydiyyat nişanının rəqəm və hərflərinin seçilmiş kombinasiyası, ödənilmiş dövlət rüsumları barədə məlumatlar əks olunur.

Ərizə imzalandıqdan və qəbul edildikdən sonra nəqliyyat vasitəsi mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədi ilə müayinəyə təqdim edilir. Müayinədən keçən nəqliyyat vasitəsinə 30 (otuz) dəqiqə ərzində yeni dövlət qeydiyyat nişanı və yeni qeydiyyat şəhadətnaməsi verilir.

Avtonəqliyyat vasitəsinin sahibi dövlət qeydiyyatı zamanı verilmiş dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasının dəyişdirilməsi üçün internet vasitəsilə müraciət etdikdə, internet səhifəsində şəxsiyyət vəsiqəsinin nömrəsini, nəqliyyat vasitəsinin dövlət qeydiyyatı şəhadətnaməsinin nömrəsini, elektron poçt ünvanını daxil edir və dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasını sərbəst seçərək, onun üçün müəyyən edilmiş dövlət rüsumunu, habelə yeni qeydiyyat şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumunu həmin səhifədə ödəyir. Bundan sonra internet səhifəsində avtomatik olaraq ərizə generasiya olunaraq şəxsin elektron poçt ünvanına göndərilir və bilavasitə internet səhifəsindən çap edilməsi imkanı təmin olunur. Ərizədə şəxsin adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinin nömrəsi, nəqliyyat vasitəsinin dövlət qeydiyyatı şəhadətnaməsinin nömrəsi, mühərrik, ban və şassi nömrələri, habelə rəngi, dövlət qeydiyyat nişanının rəqəm və hərflərinin seçilmiş kombinasiyası, ödənilmiş dövlət rüsumları, həmçinin qeydiyyat-imtahan məntəqəsinə gəlmə tarixi və vaxtı barədə məlumatlar əks olunur.

Şəxs həmin ərizədə göstərilən tarixdə və vaxtda qeydiyyat-imtahan məntəqəsinə gələrək, şəxsiyyət vəsiqəsini, nəqliyyat vasitəsinin dövlət qeydiyyatı şəhadətnaməsini və imzalanmış ərizəni sənədləri qəbul edən pəncərəyə təqdim edir. Sənədləri qəbul edən əməkdaş onların uyğunluğunu yoxlayır. Müayinədən keçən nəqliyyat vasitəsinə 30 (otuz) dəqiqə ərzində yeni dövlət qeydiyyat nişanı və yeni dövlət qeydiyyatı şəhadətnaməsi verilir.

Təqdim edilmiş sənədlərdə, yaxud müayinə zamanı nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələrində, habelə rəngində uyğunsuzluq aşkar edildikdə, yeni dövlət qeydiyyat nişanı verilmir və səbəbləri göstərilməklə, şəxsə yazılı şəkildə imtina edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti