...

Tacikistanda 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr edilmiş tədbir keçirilib

Cəmiyyət Materials 21 Yanvar 2014 08:37 (UTC +04:00)
Azərbaycan Tacikistandakı səfirliyindən Trend-ə verilən məlumata görə, səfirliyin foyesində 20 Yanvar hadisələrini əks etdirən şəkillərdən ibarət fotostend qurulub, Azərbaycan, rus, ingilis və tacik dillərində hazırlanmış press-relizlər paylanılıb.
Tacikistanda 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr edilmiş tədbir keçirilib

Azərbaycan, Bakı, 21 yanvar /Trend/

Tacikistanda 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr edilmiş tədbir keçirilib.

Azərbaycan Tacikistandakı səfirliyindən Trend-ə verilən məlumata görə, səfirliyin foyesində 20 Yanvar hadisələrini əks etdirən şəkillərdən ibarət fotostend qurulub, Azərbaycan, rus, ingilis və tacik dillərində hazırlanmış press-relizlər paylanılıb.

Tədbirdə Tacikistan Ali Məclisinin deputatları, Tacikistanın dövlət, hökumət və nazirliklərinin nümayəndələri, həmçinin elm, mədəniyyət və ali təhsil müəssisələrinin rəhbərləri, bununla yanaşı, Tacikistanda akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbərləri, yerli diaspor və KİV nümayəndələri iştirak ediblər.

20 Yanvar hadisələrində həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfir Abbasəli Həsənov tədbir iştirakçılarına mərasimə qatıldıqlarına görə təşəkkürünü bildirib, 20 Yanvar hadisələrinin səbəbləri və nəticələri barəsində toplantı iştirakçılarına ətraflı məlumat verərək qeyd edib ki, 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə 26 minlik Sovet silahlı qüvvələri qabaqcadan hazırlanmış "Zərbə" hərbi əməliyyatı adı altında, heç bir xəbərdarlıq olmadan Bakı və Azərbaycanın digər şəhərlərinə dörd tərəfdən daxil olaraq dinc əhaliyə zirehli döyüş maşınları, tank, pulemyot, avtomat və digər silahlardan atəş açaraq yüzdən çox silahsız dinc əhalini xüsusi qəddarlıqla, vəhşicəsinə qətlə yetirib, yüzlərlə insanı yaralayıb. Qətlə yetirilənlər arasında Azərbaycanı özünə Vətən sayan rus, yəhudi, tat, ləzgi və digər xalqların və millətlərin oğul və qızları, bununla yanaşı, qadın, yaşlı adamlar, qocalar və uşaqlar da var idi.

Səfir toplantı iştirakçılarının diqqətinə çatdırıb ki, yanvarın 19-da axşam sabiq SSRİ-nin xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən Azərbaycan televiziyasının yayım bloku partladılıb, bununla da qabaqcadan düşünülmüş və planlaşdırılmış şəkildə Azərbaycan informasiya blokadasına düşüb. Yanvarın 19-da M.Qorbaçov Azərbaycanda fövqəladə vəziyyətin elan edilməsi barədə qərar versə də, bu xəbər dinc əhaliyə hadisələr baş verəndən sonra, yanvarın 20-də səhər saat 06:00-da səsgücləndiricilər vasitəsilə çatdırılıb. Heç bir Azərbaycan vətəndaşı inanmırdı ki, Sovet ordusu əsgərləri belə amansız qəddarlıq və vəhşiliklə dinc əhaliyə qarşı silah işlədəcəkdir: "Mən özüm həmin gecə baş verən hadisələrin canlı şahidi olmuş və Sovet əsgərlərinin dinc, silahsız əhalini xüsusi qəddarlıqla gülləbaran etməsini öz gözümlə görmüşəm".

O, sözünə davam edərək toplantı iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycan xalqına qarşı törədilən bu terror aktı sivilizasiya tarixində bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qara səhifə kimi qalacaq: "Qara Yanvarda Azərbaycanda 147 nəfər silahsız mülki şəxs amansızcasına qətlə yetirilib, 744 nəfər dinc, günahsız insan yaralanıb, yüzlərlə adam itkin düşüb, minə yaxın günahsız şəxs "terrorist" kimi həbs edilib".

Səfir qeyd edib ki, Azərbaycanda dinc əhaliyə qarşı törədilmiş bu terror aktını səriştəsiz "dövlət başçısı" M Qorbaçovun Tbilisi, Almatı, Riqa, Fərqanə və sabiq SSRİ-nin digər bölgələrində yaratdığı milli etnik konfliktlərin məntiqi davamı kimi qiymətləndirmək olar. Bakıda və digər bölgələrdə buna bənzər milli etnik zəmində törədilən hadisələrin əsas məqsədi SSRİ-nin dağıdılmasını sürətləndirmək idi: "Respublikamıza qarşı törədilmiş bu cinayət, azadlığa, müstəqilliyə can atan, öz torpaqlarının erməni qəsbkarlarından müdafiyə qalxmış Azərbaycanın və onun məğrur xalqının inamını qırmağa, öz torpaqlarını müdafiəsinə mane olmağa, bununla da Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməyə şərait yaratmağa yönəlmişdi".

A.Həsənov deyib ki, hadisə baş verən günün səhərisi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev özünün və ailə üzvlərinin, yaxınlarının həyatını təhlükəyə qoyaraq Azərbaycanın Moskvadakı Daimi nümayəndəliyinə gələrək Azərbaycan xalqına qarşı törədilmiş dövlət terroruna, cinayətə etirazını bildirmiş və hadisələrə siyasi qiymət vermişdi: "1990-cı ilin 20 yanvar tarixində Bakıda dövlət terroru həyata keçirildi, dinc əhalinin qanı töküldü. Sovet dövləti beynəlxalq hüquq normalarını pozaraq bu cinayətlə Ermənistana dəstək verdi, nəticədə Azərbaycana qarşı uzunmüddətli erməni təcavüzü, etnik təmizləmə, soyqırımı baş verdi, torpaqlarımızın 20 faizi zəbt edildi, Ermənistan ərazisindən, Dağlıq Qarabağ və ətraf yeddi rayondan əhali zorla qovuldu, bir milyondan çox soydaşmız qaçqına və öz doğma yurdundan didərgin düşərək məcburi köçkünə çevrildi. Azərbaycanda törədilən 20 Yanvar faciəsi - Ümumxalq Matəm Günü kimi bəşər tarixində daima anılacaq".

Diaspor nümayəndələrindən Amalya Hacıyeva, Mirzə Hüseynov, Məryəd Məmmədova, Tacikistanın xalq artisti Abdurazakov Xabibullo, ümummilli Lider H.Əliyevin həyat və siyasi fəaliyyəti haqqında Elmira Axundovanın müəllifi olduğu "H.Əliyev: şəxsiyyət və zaman" kitabının cildlərindən birinin tərcüməçisi alim-pedaqoq Məryəm Davlatova, Qazaxıstanın Tacikistandakı səfirliyinin müşaviri İlyas Karsakov çıxış edərək 20 Yanvar hadisələri barədə öz fikirlərini söyləyib, belə hadisələrin heç bir ölkənin tarixində heç zaman təkrarlanmamasını arzuladıqlarını bildiriblər.

Daha sonra 20 Yanvar hadisələri ilə bağlı "Lider" TV-nin hazırladığı videoçarx nümayiş etdirilib.

Tədbir barədə Tacikistanın "Poytaxt" və "Cahonnome" televiziya kanallarının xəbərlər proqramında reportajlar hazırlanıb, səfirlik tərəfindən hazırlanmış məlumat Azərbaycan və Tacikistan kütləvi informasiya vasitələrinə, o cümlədən Düşənbədə akkreditə olunan diplomatik nümayəndəliklərin elektron ünvanlarına göndərilib.

Xəbər lenti

Xəbər lenti