...

Əflatun Amaşov: Mətbuat Şurası xəbər saytlarına dövlət yardımının edilməsinin tərəfdarıdır (FOTO)

Cəmiyyət Materials 27 Fevral 2014 16:16 (UTC +04:00)
Bu gün Azərbaycan Mətbuat Şurasında (MŞ) "Onlayn media: peşəkarlıq və məsuliyyət" mövzusunda "dəyirmi masa" keçirilib.
Əflatun Amaşov: Mətbuat Şurası xəbər saytlarına dövlət yardımının edilməsinin tərəfdarıdır  (FOTO)

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir E.Mehdiyev/

Bu gün Azərbaycan Mətbuat Şurasında (MŞ) "Onlayn media: peşəkarlıq və məsuliyyət" mövzusunda "dəyirmi masa" keçirilib.

Şuradan Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə MŞ sədri Əflatun Amaşov açaraq bildirib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da ənənəvi mediadan onlayan mediaya keçid prosesi yaşanmaqdadır. Mövcud prosesdə bir sıra problemlər də var və onların həllində ictimai institut kimi jurnalistikanın özü yaxından təşəbbüs göstərməlidir.

Ə.Amaşov çıxışında Mətbuat Şurasına daxil olan şikayətlər üzərində dayanıb: "Ötən illərlə müqayisədə internet media resurslarının fəaliyyəti ilə bağlı daxil olan müraciətlərin sayı çoxalmaqdadır. Bəzən görürsən ki, peşə davranışı qaydalarına etinasız yanaşan hansısa qəzetin rəhbəri sonradan xəbər saytı yaradır və eyni əməllərini orada da davam etdirir. Belələrinin xoşagəlməz davranışları əksər hallarda cəmiyyətin rəhbər tutduğu dəyərlərə də kölgə salır. Bütün bunları nəzərə alaraq Mətbuat Şurası bir sıra tədbirlər həyata keçirib. Məlum olduğu kimi, Şuranın tərkibində İnternet media resursları üzrə komissiya yaradılıb. Biz eyni zamanda "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nda dəyişikliklər aparmaqla internet media orqanlarını da bir növ, ictimai məsuliyyətə çağırmışıq. Mətbuat Şurasının strukturunun internet media məkanındakı proseslərə daha aktiv şəkildə nüfuz etməsi üçün Azərbaycan jurnalistlərinin ötən ilin iyulunda baş tutmuş VI qurultayında nizamnaməyə dəyişikliyi həyata keçirdik. Artıq Şuranın İdarə Heyətinin tərkibində internet medianı təmsil edən şəxslər də fəaliyyət göstərməkdədirlər".

Azərbaycanda əhalinin 70 faizindən çoxunun internet istifadəçisi olduğunu vurğulayan Ə.Amaşov dünyanın bir sıra ölkələrində xəbər portallarının dövlət qeydiyyatının aparıldığını diqqətə çatdırıb. MŞ sədri müəyyən müddətə xəbər saytlarının dövlət tərəfindən müəyyən yardımlar əldə etməsinin mümkünlüyündən də söz açıb: "Mətbuat Şurası xəbər saytlarına dövlət yardımının edilməsinin tərəfdarıdır və bu təşəbbüslə çıxış edir. Hesab edirəm ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə vəsaiti artdıqca məsələnin daha real mexanizmi barədə düşünmək mümkün olacaq".

MŞ-nin İnternet media resursları üzrə komissiyasının rəhbəri Elnur Baimov çıxışında əsasən internet təhlükəsizliyi ilə bağlı məqamlara toxunub. O bildirib ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tərkibində Elektron Təhlükəsizlik Mərkəzi fəaliyyət göstərməkdədir. İnternet xəbər portallarının rəhbərləri təhlükəsizliklə bağlı hər hansı problemin yarandığını hiss etdikləri halda mərkəzin 1654 nömrəsinə zəng edib fikirlərini çatdıra bilərlər. Digər tərəfdən, Mətbuat Şurası həmin mərkəzlə birgə xəbər saytlarının sırf texniki işə cavab verən işçiləri üçün təlimlərin təşkilini də nəzərdə tutur. E.Baimov çıxışında, həmçinin dövlət yardımının internet təhlükəsizliyi ilə əlaqədar məsələlərin həlli baxımdan önəmli ola biləcəyinə diqqət çəkib.

MŞ İdarə Heyətinin üzvü, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət bildirib ki, internet media resurslarında keyfiyyət məsələsi barədə söhbət açmaq günün aktual tələbidir.

Onun sözlərinə görə, xəbər portallarında qrammatik səhvlər həddən artıq çoxdur: "Bu, müəyyən mənada təbiidir. Hər kəs istəyir ki, əldə etdiyi informasiyanı mümkün qədər tez paylaşsın. Lakin belə tələskənliyin gətirdiyi mənfi meyillərdən tədricən uzaq olmaq lazımdır. Çünki oxucular daha çox səlist təqdimatlara üstünlük verirlər".

A.Həsrət çıxışında internet media məkanının jurnalistikadan sui-istifadə üçün də geniş imkanlar yaratdığını vurğulayıb. O, konkret faktlar üzərində dayanaraq mövcud müstəvidəki xoşagəlməz hallara qarşı ictimai nəzarətin gücləndirilməsinin zəruriliyini əsaslandırıb.

Yeni Media Jurnalistləri İctimai Birliyinin sədri Xəqani Səfəroğlu diqqəti dünyada internet media ilə bağlı müzakirələrin intensiv səciyyə daşıdığına çəkib. O, qeyd edib ki, müzakirələrdə əsas xətt internet medianın statusu məsələsidir: "Azərbaycan qanunvericiliyində internet media seqmentində boşluqlar var. "Kütləvi informasiya vasitələri haqqında" qanunda internet anlayışı çox yayğındır. KİV məhsulu kimi onlayn internet media vasitələrinin təqdim etdikləri materiallar nəzərdə tutulmur".

Bunları qeyd edən X.Səfəroğlu qanunvericilikdəki bu sayaq boşluqların aradan qaldırılmasının zəruriliyini bildirib.

Media hüququ üzrə ekspert Ələsgər Məmmədli bir sıra nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən internet media ilə bağlı diskussiyaların davamlı şəkildə təşkil edildiyindən söhbət açıb: "Texniki imkanlarla bağlı təchizat prosedurlarının müxtəlif ölkələrdən gerçəkləşdirildiyi hazırkı durumda məsuliyyət məsələləri önəmlidir".

Ekseprt onu da bildirib ki, dünyada internet media ilə əlaqədar müxtəlif prosedurların tətbiqinə əsasən konkret mübahisələndirilmə predmetinin mövcudluğu təqdirdə üstünlük verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti