Azərbaycan, Bakı, 13 mart /Trend/
Prezident İlham Əliyev 2012-ci il avqustun 23-də, Bişkek şəhərində imzalanmış "Türk Akademiyasının təsis edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə fərman imzalayıb. Fərmandan irəli gələrək AMEA Mərkəzi Elmi Kitabxanası Qazaxıstanın Astana şəhərində fəaliyyət göstərən Türk Akademiyası ilə beynəlxalq kitab mübadiləsi sahəsində əməkdaşlıq müqaviləsi bağlayıb.
AMEA-dan Trend-ə verilən məlumata görə, müqavilə Türk Akademiyasının başkanı Prof. Dr. Darhan Kıdırali və Mərkəzi Elmi Kitabxananın direktoru filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli tərəfindən imzalanıb. Beləliklə, dünyanın 72 ölkəsində 585 tərəfdaşı olan Mərkəzi Elmi Kitabxana beynəlxalq əlaqələrinin inkişafını davam etdirir. Hazırda Türk Akademiyası ilə Mərkəzi Elmi Kitabxana arasında ədəbiyyat mübadiləsi istiqamətində işlər tamamlanıb.
Qeyd edək ki, göndərilməsi nəzərdə tutulan ədəbiyyat əsasən Azərbaycanın tarixi, ədəbiyyatı, incəsənəti, mədəniyyəti və digər sahələri əhatə edir.
Xatırladaq ki, 2012-ci ilin may ayında Türk Akademiyası Mərkəzi Elmi Kitabxanaya 24 adda 100-ə yaxın kitab hədiyyə edib. Kitabxanada həmin ədəbiyyatların Azərbaycan və Qazaxıstan alimlərinin iştirakı ilə böyük təqdimatı keçirilib.