...

Ali Hərbi Məktəbə Heydər Əliyevin adının verilməsinin 10 illiyi münasibətilə təntənəli mərasim keçirilib (FOTO)

Cəmiyyət Materials 14 Mart 2014 16:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir İ.İzzət/

Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənovun iştirakı ilə Ali Hərbi Məktəbə ulu öndər Heydər Əliyevin adının verilməsinin 10 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib.

Trend xəbər verir ki, tədbir Heydər Əliyevin Ali Hərbi Məktəbdəki büstünün önünə əklil qoyulması ilə başlayıb.

Daha sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təntənəli mərasimdə çıxış edən Heydər Əliyev adına Ali Hərbi Məktəbin rəisi general-mayor Heydər Piriyev bildirib ki, ulu öndər Heydər Əliyevin adının Ali Hərbi Məktəbə verilməsi mühüm tarixi hadisə olub, müstəqil Azərbaycan dövləti üçün hərbi kadrların yetişdirilməsində əvəzsiz rol oynayıb. Bugünkü tədbir isə Heydər Əliyevin xatirəsinə hörmət və ehtiramın göstəricisidir.

Mərasimdə o da qeyd edilib ki, xüsusi təyinatlı bu hərbi məktəb təsis edildiyi dövrdən bəri 28 nəfər Sovet İttifaqı Qəhrəmanı, 10 nəfər Azərbaycan Milli Qəhrəmanı yetişdirib.

Mərasimdə çıxış edənlər də Heydər Əliyevin Azərbaycanın Ordu quruculuğunda əvəzsiz xidmətlərindən danışıb, onun adını daşıdığı belə bir hərbi məktəbdə təhsil almağın həm şərəfli, həm də məsuliyyətli iş olduğunu bildiriblər.

Daha sonra tədbir konsert proqramı ilə davam edib.

Qeyd edək ki, 2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi (1939-cu ilin 31 dekabrından fəaliyyət göstərən, Sovet İttifaqının quru qoşunları üçün zabit kadrları yetişdirən Bakı Ali Hərbi Məktəbinin əsasında yaranıb) Azərbaycan Ali Hərbi Məktəbi adlandırılıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 10 mart 2004-cü il tarixli fərmanı ilə məktəbə Azərbaycan Respublıkasının ümummilli lideri Heydər Əliyevin adı verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti