...

Heydər Əliyev Fondu və IDEA İctimai Birliyi "Ağacların kəsilməsinə yox!" birgə proqramına başlayır

Cəmiyyət Materials 5 May 2014 13:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir İ.İsabalayeva/

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və IDEA İctimai Birliyi aktual ekoloji problemlərin həlli və əhali arasında ictimai-ekoloji nəzarətin gücləndirilməsi məqsədilə "Ağacların kəsilməsinə yox!" proqramının həyata keçirilməsinə başlayır.

İctimai Birlikdən Trend-ə daxil olan məlumata görə, proqram çərçivəsində "Təbiətə təcili yardım" qaynar xətti və mobil qrupu yaradılacaq. Belə ki, vətəndaşlar qanunsuz ağac kəsilməsi halları ilə rastlaşdıqda qaynar xətt vasitəsi ilə şikayət və təkliflərini IDEA İB-yə çatdıra biləcəklər. Mobil qrup isə daxil olan şikayətləri yerində araşdıracaq, problemlə bağlı əlavə sübutları, foto və videomaterialları toplayacaq.

Bundan əlavə, vətəndaşlar qanunsuz ağac kəsimi ilə bağlı müraciətlərini IDEA İctimai Birliyinin rəsmi internet səhifəsinə (www.ideacampaign.org) daxil olmaqla da ünvanlamaq imkanı əldə edəcəklər. Problemi daha dəqiq işıqlandırmaq üçün ağac kəsilən ərazinin fotolarını da veb-səhifəyə yükləmək mümkün olacaq. Şikayət və təkliflər IDEA İB-nin əməkdaşları tərəfindən yerində araşdırıldıqdan sonra toplanmış sübut və materiallar hadisə ilə bağlı qərar verilməsi üçün aidiyyatı üzrə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim ediləcək. Qeyd edək ki, IDEA göndərilən müraciətlərdə öz əksini tapan problemlərin həlli prossesini izləyəcək.

Xatırladaq ki, IDEA İctimai Birliyi fəaliyyət göstərdiyi 3 il müddətində insanların, xüsusilə gənc nəslin ekoloji cəhətdən maariflənməsində böyük rol oynayıb, ölkəmizdə təbii mühitin sağlamlaşdırılmasına təkan verilməsi üçün iri və kiçik miqyaslı ekoloji layihələr həyata keçirib. Bu tədbirlər arasında kütləvi ağacəkmə aksiyaları xususi yer tutur. Aksiyalar zamanı bu günədək 3 milyon 472 mindən çox ağac əkilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti