Azərbaycan, Bakı, 13 may /Trend, müxbir İ.İzzət/
Qafqaz Müsəlmanları İdarəsində (QMİ) din xadimləri üçün təkmilləşdirmə kursunun açılışı olub.
Trend xəbər verir ki, QMİ din xadimləri üçün mütəmadi təkmilləşdirmə kurslarının təşkilinə başlayıb. Kurslarda respublikanın müxtəlif bölgələrindən gəlmiş din xadimləri iştirak edəcəklər. Hər kursun müddəti 1 ay olacaq. Kursun keçiriləcəyi müddət ərzində iştirakçıların qalmaq, yemək, yol xərcləri QMİ tərəfindən ödəniləcək.
Kurslara din alimləri ilə yanaşı, Bakı Dövlət Universiteti və Bakı İslam Universitetinin professor və müəllim heyəti də cəlb ediləcək. Kursun sonunda din xadimlərinə müvafiq sertifikatlar təqdim olunacaq.
Kursların açılışında QMİ sədri şeyxulislam Allahşükür Paşazadə, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin 1-ci müavini Səyyad Aran və bir sıra millət vəkilləri iştirak edərək din xadimlərinə xeyir-dua verib, onlara uğurlar arzulayıblar. Onlar eyni zamanda kurs iştirakçıları üçün yaradılmış şəraitlə yaxından tanış olaraq razılıqlarını ifadə ediblər.
Qeyd edək ki, bu, Azərbaycanda din xadimləri üçün təşkil edilən ilk belə kurslardır.