...

"Azərbaycan və Əhli Beyt irsi" kitabının elmi-ictimai müzakirəsi keçirilib (FOTO)

Cəmiyyət Materials 3 İyul 2014 17:18 (UTC +04:00)
Bu gün Milli Toleranlıq Mərkəzində Dini Araşdırmalar Mərkəzinin təşkilaçılığı ilə "Azərbaycan və Əhli Beyt irsi" adlı kitabın elmi-ictimai müzakirəsi keçirilib.
"Azərbaycan və Əhli Beyt irsi" kitabının elmi-ictimai müzakirəsi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir İlkin İzzət/

Bu gün Milli Toleranlıq Mərkəzində Dini Araşdırmalar Mərkəzinin təşkilaçılığı ilə "Azərbaycan və Əhli Beyt irsi" adlı kitabın elmi-ictimai müzakirəsi keçirilib.

Mərkəzin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, kitab bir neçə ay əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DİQDK) təşəbbüsü və dəstəyi ilə nəşr olunub və Azərbaycanda Peyğəmbər (s) Əhli Beytinə aid maddi və mənəvi irs nümunələrinin araşdırılması, tanıdılması, milli kimliyimizə təsiri, milli mədəniyyət və tariximizdə yeri kimi mövzularda aparıcı tədqiqatçılar tərəfindən üzərində bir ilə yaxın iş aparılmış tədqiqat məqalələri toplusundan ibarətdir.

Müzakirədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşları, Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsinin müəllimləri, bir sıra dini icma rəhbərləri və din xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblət.

Kitabdakı məqalə müəlliflərinin də iştirak etdiyi müzakirələrdə çıxış edən alim və tədqiqatçılar, ictimai fəallar kitabın Azərbaycanda Peyğəmbər (s) Əhli Beyti irsinin araşdırılması istiqamətində hərtərəfli və dövlət tərəfindən dəstəklənən ilk tədqiqat işi olduğunu vurğulayıb, Azərbaycan xalqının mənəvi və mədəni tarixinin bu əlamətdar səhifələrinin daha geniş araşdırılmasının zərurətini qeyd ediblər.

Çıxış edənlər bildiriblər ki, bu gün Azərbaycanda ənənəvi dini və milli-mənəvi dəyərlərimizin qorunması ən aktual ideoloji məsələlərdən biridir. Məruzələrin əsas qayəsi bundan ibarət olub ki, insanlarımız zəngin milli-dini dəyərlərimizi kifayət qədər mənimsəsəydilər, nə yadelli dini sektaların, nə İslam təriqəti adı ilə müxtəlif "hizmətlərin" torlarına düşməz, nə də bu gün Suriya və İraqda müsəlmanların qırğınında iştirak etməzdilər.

Bu baxımdan kitabda Azərbaycan haqqında Peyğəmbər (s) və Əhli Beytinin hədislərində olan məlumatlar, ölkəmizdə olan imamzadə kompleksləri və onlara dövlət qayğısı, tolerantlıq mühitinin formalaşmasında Əhli Beyt irsinin rolu, Əhli Beytlə bağlı mərasimlər, irfan və təsəvvüf ədəbiyyatımızda Əhli Beyt, milli məfkurə və kimliyimizdə, mədəniyət və ədəbiyyatmızda Əhli Beyt sevgisi izləri, Azərbaycanın dini mütəfəkkirləri haqqında məqalələr və onlarda qaldırılan problemlər çıxışların əsas müzakirə mövzusu olub.

Kitabın xüsusi bölümü müstəqil Azərbaycan dövləti tərəfindən milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsi olan Əhli Beyt irsinin qorunması istiqamətində aparılan işlərə həsr edilib. Burada ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Bibiheybət məscidinin bərpası, Prezident İlham Əliyevin qaygısı nəticəsində Gəncədə İmamzadə kompleksinin əsaslı təmiri, Heydər Əliyev Fondunun təşəbbüsləri əsasında Əhli Beyt irsi ilə baglı digər abidələrin təmiri və qorunması haqqında ətraflı məlumat verilib.

Çıxışlarda xüsusi yadda qalan məqamlardan biri Əhli Beytə olan sevgi və bağlılığın Azərbaycan xalqı üçün dini cəhətdən birləşdirici amil rolu oynaması haqqında fikirlərin səslənməsi olub. Belə ki, Əhli Beyt irsi həm şiə, həm də sünni dindarlar üçün ortaq bir müqəddəs dəyərdir və adıçəkilən kitabda bu mövzular hər iki məzhəbin yanaşması ilə araşdırılıb, onun ortaq dəyər kimi oynaya biləcəyi rolu vurğulanıb. Xüsusilə qeyd olunub ki, Azərbaycanda Əhli Beyt irsinə tarix boyu istər şiə, istərsə də sünni əhali tərəfindən xüsusi ehtiram və qayğı göstərilib, dini baxışlar və ayinlərdə Əhli Beyt irsinə bağlılıq hər iki məzhəbin ardıcılları olan həmvətənlərimizdə özünü bariz nümayiş etdirib.

Çıxış edənlərin fikrincə, məzhəbçilik savaşı ilə üzləşən İslam dünyasının bir parçası olan Azərbaycanda bu təhdidlərə qarşı tutarlı ideoloji cavab məhz belə tədqiqatlar ola bilər. Belə ki, Kitabda Əhli Beyt irsinin Azərbaycan dindarları arasında birləşdirici rol oynaya biləcəyi və bu mövzunun uğurla qaldırıldığı, bu ideyanın davamlı olaraq aşılanmasının gərəkliliyi öz əksini tapıb.

Azərbaycanın milli etnopsixologiyasının formalaşmasında xüsusi rolu olmuş dini dəyərlərimizdə məhz Peyğəmbər (s) Əhli Beytinə olan ehtiram, sevgi və bağlılıq elementlərinin üstünlük təşkil etməsi haqqında kitabda yer alan fikirlər müzakirələrdə də üstünlük təşkil edib. Bu baxımdan Azərbaycan xalqının İslamı, onun dəyərlərini zorla qəbul etməsi barədə yaradılmış stereotiplər tənqid olunub və əksinə, bu dəyərlərin qəbul edilməsinin məhz rəğbət nəticəsində mümkün olması qeyd edilib.

Kitabda Azərbaycanın İslamın ilk illərindən etibarən Peyğəmbər (s) Əhli Beyti üçün sığınacaq, arxa olması, burada yerləşən Əhli Beyt ziyarətgahlarına məzhəbindən asılı olmayaraq yerli hakimlərin sahib çıxması, ehtiramı, eləcə də Şərqin ən poetik və fəlsəfi yaradıcılıq nümunələrindən olan irfan və təsəvvüf ədəbiyyatı və fikrinə Azərbaycan mütəfəkkirlərinin töhfələri, həmçinin bu ədəbiyyatda Əhli Beytə bağlılıq elementləri və s. mövzular da geniş əks olunub.

Qeyd edək ki, "Azərbaycan və Əhli Beyt irsi" kitabı DQİDK-nın dəstəyi ilə "Elm və Təhsil" nəşriyyatında 2013-cü ildə sifariş edilib. Kitabın ön sözünün müəllifi DQİDK-nın keçmiş sədri Elşad İskəndərov, baş redaktoru BDU-nun İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev, elmi rəyçisi AMEA-nın müxbir üzvü, Əlyazmalar İnstitutunun direktoru professor Teymur Kərimlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti