Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycanda qarpız və yemişlərdən zəhərlənmə hallarının baş verməməsi üçün onların tərkibinin elə tarlada ikən - bazara çıxarılmamışdan əvvəl yoxlanılması təklif edilir.
Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) Qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev Trend-ə bildirib ki, ölkə Prezidentinin fərmanına uyğun olaraq, pestisidlərə nəzarət Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən həyata keçirilir. Ona görə də bu Xidmət qarpız və yemişlərin tərkibini bazara çıxarılmamışdan əvvəl yoxlamalıdır: "Qarpız və yemişlər küçələrdə adi vətəndaşlar tərəfindən satılır. Bu da müəyyən problemlər yaradır. Buna görə də qarpız, yemiş mütləq becərildiyi yerdə - tarlada çıxarılarkən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən yoxlanılmalıdır".
İ.Abdullayev bildirib ki, qanunvericilik aktlarına əsasən, RGEM-in məhsuldan yoxlanış üçün nümunə götürməsindən ötrü konkret müraciət daxil olmalı və yoxlama planlaşdırılmış şəkildə aparılmalıdır.
Bölmə müdirinin sözlərinə görə, indiyədək qarpız və yemişlərdən baş vermiş zəhərlənmə ilə bağlı Mərkəzə müraciət daxil olmayıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti Respublika Nəzarət Toksikologiya Laboratoriyasının rəhbəri Yaqub İbrahimov isə Trend-ə bildirib ki, iyunun 10-dan sonra mütəmadi olaraq, satışda olan qarpız və yemişlərın tərkibindəki gübrənin qalıq miqdarı, yəni nitratın miqdarı yoxlanılır: "İyunun 25-dək satılan qarpız və yemişlərin bəzilərində nitratın miqdarının normadan artıq olduğu aşkarlanmışdı. Həmin məhsullar barədə müvafiq qurumlara məlumat verildikdən sonra onlar satışdan çıxarılıb. Artıq qarpız və yemişin mövsümü yaxınlaşdığı üçün bu sahədə problemlər azalır. Adətən, iyulun 15-dən sonra qarpız və yemişlərin tərkibi ilə bağlı problemlər nadir hallarda qeydə alınır".
Laboratoriya rəhbəri bildirib ki, hazırda satışda olan qarpız və yemişlərin tərkibi ilə bağlı elə ciddi problem yoxdur. Amma qarpız və yemişlərin tərkibi ilə bağlı hər zaman 100 faiz müsbət nəticə əldə etmək mümkün deyil.
Y.İbrahimov deyib ki, sahələrə verilən gübrələr daha çox qarpız, yemiş, çiyələk, çuğundur, kələmin daxilinə keçir. Bitki məhsullarında gübrənin miqdarının normadan artıq olması yalnız xüsusi cihazlar vasitəsilə müəyyənləşdirilir və gübrənin normadan artıq olmasının əlamətlərini adi gözlə görmək mümkün deyil.
Mütəxəssisin sözlərinə görə, bəzən qarpızı kəsdikdə onun içində sarı, yaxud ağ xətt görmək olar. Lakin həmin xətlərin mövcudluğu bu məhsulda gübrənin miqdarının normadan artıq olması demək deyil: "Ancaq həmin xətlər olduqda istənilən alıcıda xoşagəlməz təəssüratlar yaranır. Qarpızın içi tərtəmiz, qırmızı olmalıdır".
Y.İbrahimov bir çox halların qarpızdan zəhərlənmələrin baş verməsinə zəmin yaratdığını da açıqlayıb. Onun sözlərinə görə, zəhərlənmə halları daha çox qarpız gecə vaxtı yeyildikdə baş verir. Xüsusilə, uşaqlara, yaşlı və xəstə insanlara gecə vaxtı qarpız yemək məsləhət görülmür. Axşamdan kəsilmiş və sonra soyuducuya qoyulmuş qarpız da zəhərlənmə ehtimalını artırır. Zəhərlənmələrin baş vermə ehtimallarını azaltmaq üçün qarpız kəsildikdə onun baş hissəsi atılmalıdır. Çünki zəhərli maddələrin qalıqları oraya toplanır.