...

Penitensiar xidmət İntiqam Əliyev və Leyla Yunusun saxlanma şəraiti barədə açıqlama yaydı

Cəmiyyət Materials 12 Avqust 2014 17:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 avqust /Trend/

Ədliyyə Nazirliyinin Penitensiar xidməti Bakı İstintaq Təcridxanasında saxlanılan təqsirləndirilən şəxslər - İntiqam Əliyev və Leyla Yunusun saxlanma şəraiti barədə bəzi kütləvi informasiya vasitələrində yer almış məlumatlara dair açıqlama verib.

Trend Penitensiar xidmətin saytına istinadən xəbər verir ki, məsələ ilə bağlı açıqlamada deyilir:

"Ədliyyə Nazirliyinin Penitensiar xidməti Bakı İstintaq Təcridxanasında saxlanılan təqsirləndirilən şəxslər - İntiqam Əliyev və Leyla Yunusun saxlanma şəraiti barədə bəzi kütləvi informasiya vasitələrində yer almış həqiqətə uyğun olmayan məlumatlara cavab olaraq bildirir ki, hər iki şəxsin saxlanma şəraiti ilə bağlı narazılıqları əsassızdır. Belə ki, müasir standartlara uyğun inşa edilmiş və beynəlxalq müşahidəçilərin də daim yüksək qiymətləndirdikləri Bakı İstintaq Təcridxanasındakı kameralarda hava çatışmazlığı ilə bağlı problem mövcud deyildir. Bütün kameralarda Cəza İcra Məcəlləsinin və Daxili İntizam Qaydalarının tələblərinə uyğun şəkildə təmiz hava axınının mövcudluğu təmin edilir. Bununla yanaşı, hər iki təqsirləndirilən şəxs gəzinti hüququndan istifadə edir.

Qeyd edək ki, İntiqam Əliyev və Leyla Yunus digər təqsirləndirilən şəxslər kimi "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" AR Qanununda nəzərdə tutulan bütün hüquqlardan (telefon danışığı, tibbi yardım, vəkillərlə görüş, gəzinti, sovqat və banderol almaq hüququ) tam həcmdə istifadə etməkdədirlər.

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin mütəxəssisləri tərəfindən hər iki şəxsin tibbi müayinədən keçirilməsi təmin edilib. 12 avqust 2014-cü il tarixdə Bakı İstintaq Təcridxanasının rəhbərliyi tərəfindən Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələrinə İntiqam Əliyev və Leyla Yunusa baş çəkmələri üçün şərait yaradılıb. BQXK əməkdaşları tərəfindən həmin şəxslərin saxlanma şəraiti ilə bağlı müəssisə rəhbərliyinə heç bir irad bildirilməyib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti