Azərbaycan, Bakı, 16 avqust /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycan Nazirlər Kabineti "İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları"nı təsdiq edib.
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, qaydalara uyğun olaraq, hər bir sifarişçinin STTSAS-a qoşulma hüququ var. Texniki şərtlərin verilməsi üçün haqq ödənilmir.
Mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evləri, həmçinin tikintisinə icazə tələb olunmayan tikinti obyektləri üçün texniki şərtlər (tələb edilən gücdən asılı olmayaraq) həmin yaşayış evinin və ya tikinti obyektinin məxsus olduğu sifarişçinin Su Təchizatı və Kanalizasiya Müəssisisəsinə (STKM) müraciəti əsasında verilir.
Qaydalarda nəzərdə tutulmuş imtina halları olmadıqda, STKM 10 iş günü müddətində texniki şərtlərin verilməsini təmin etməlidir. Texniki şərtlər verildiyi gündən 2 il müddətində icra edilmədiyi təqdirdə qüvvəsini itirmiş hesab edilir.
Hər hansı şəxsin sutəchizatı və tullantı sularının axıdılması sisteminə qanunsuz qoşulmasına və ya bu texniki parametrinin STKM ilə razılaşdırmadan dəyişdirməsinə yol verilmir. Sistemə özbaşına qoşulma STKM tərəfindən dərhal ləğv edilir. Sistemə qanunsuz qoşulma qanunda nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.