Azərbaycan, Bakı, 12 noyabr /Trend/
2015-ci il üzrə hazırlanmış beynəlxalq "Doing biznes 2015" hesabatına əsasən məcburi dövlət sosial sığortası ödənişləri və hesabatların avtomatlaşdırılması sayəsində Azərbaycanın mövqeləri yalnız bu sahə üzrə 32 pillə irəliləyib. Bu, digər sahələrlə müqayisədə ən yüksək inkişaf göstəricisidir. Sosial sığorta sistemində aparılan islahatların nəticəsi olaraq əldə edilən bu uğur üçün çox işlər görülüb - hər bir işləyən üçün fərdi hesab yaradılıb, sığorta ödənişləri və qeydiyat proseslərinin elektronlaşdırılması üçün bütöv bir sistem formalaşdırılıb, pensiya çıxma proseduru sadələşdirilib. Beləliklə, sanki hər şey qaydasına düşüb - işləyən rahat yolla qeydiyyata düşür, sığortasını ödəyir, yaşı çatan isə asanlıqla təqaüdə çıxaraq avtomatik hesablanmış pensiyasını alır. Ancaq, sən demə, bütün bunlar Dövlət Sosial Müdafiə Fondunun yalnız görünən qayğılarıdır. Gündəlik işlərini qaydasına salan Fond indi daha "dərin düşüncələrə qərq olub". Səbəb Fondun yığdığı pulların, daha doğrusu gəlirlərinin gözlənilən xərclərini ödəyə bilməməsi qorxusudur. Daha aydın təsəvvür etmək üçün vəziyyəti təsvir edək.
Islahatlara uyğun olaraq yaradılan yeni sistem hər bir işləyənə Sosial Sığorta Fonduna ödədiyi pullara uyğun pensiya söz verir - nə qədər ödəsən, ona uyğun pensiya alacaqsan. Bunun üçün isə təbii olaraq, ödənilən pulları yığıb saxlamaq lazımdır. Amma problem burasındadır ki, Fond sığorta haqqı ödəyənlərin pulunun bir hissəsini bəzi təqaüdçülərə pensiya verməyə sərf edir. DSMF-nin sədri Elman Mehdiyev bu vəziyyəti belə təsvir edir: "Pensiyaların 1992-ci ilə qədər olan iş stajına görə hesablanan hissəsi və qulluq stajına görə pensiyaya əlavələrin toplam məbləği 1, 3 milyard manatdır. Amma dövlət büdcəsindən Fonda cəmisi 1,1 milyard manat köçürülür. Deməli, DSMF hər il topladığı sığorta haqqlarından ən azı 200 milyon manatı dövlətin elan elədiyi sosial məqsədlərə yönəldir. Bu məqsədlərin sosial sığortalanma ilə heç bir əlaqəsi yoxdur və bunların arxasında sosial sığorta haqqı ödəyənlər üçün yaradılmış fərdi hesablar durmur. Nəticədə DSMF bu fərdi hesabların nəticəsi olaraq gələcəkdə meydana çıxacaq tələbi indidən xərcləməklə məşğuldur. Bu o deməkdir ki, sistemin fisqal tənzimlənməsində problem var və bu, gələcəkdə ayrı-ayrı insanların pensiya təminatında özünü göstərəcək". Doğrudan da, bu gün demək olar ki bütün pensiyaçıların ölkəmizin müstəqilliyindən əvvəlki dövrə, yəni müasir pensiya sisteminə uyğun gəlməyən iş stajı var. İndiki "pensiya səbətinə" heç vaxt pul qoymayan və ya az bir müddətdə pul qoyan insanlara dövlət əvəzsiz olaraq pensiya verməklə onları yeni şəraitə inteqrasiya edir. Həmçinin, müəyyən imtiyazı olan şəxslərin pensiyalarına əlavələr verilir və ya onlar vaxtından əvvəl pensiyaya çıxarılır. Əvvəlki illərin statistikasına baxsaq, "pay vermədiyi" "pensiya səbəti"ndən kifayət qədər "pay alan" pensiyaçıların olduğunu görə bilərik. Məsələn, statistikaya əsasən, ölkəmizdə 374 min qadın çoxuşaqlı ana kimi pensiya alır. 9 mindən çox dövlət qulluqçusu "yüksək məbləğdə sosial sığorta ödəmədiyi halda" yüksək pensiya ilə təmin olunub. 301 min nəfər əlilliyə görə, 4700 nəfər əmək zədəsi və peşə xəstəliyinə görə, 137 min nəfər isə ailə başçısını itirməyə görə pensiya alır. Bütün bunlar sosial müdafiə sistemi üçün əlavə yükdür və onun gəlirlərinə mənfi təsir edir. Bəs bu yükdən necə xilas olmaq mümkündür? Ümumiyyətlə, mümkündürmü?
Dövlət Sosial Müdafiə Fondunda hesab edirlər ki, bu günlərdə dövlət başçısı tərəfindən təsdiqlənən "2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası" bu problemin həllində açar rolunu oynayacaq. Konsepsiyada göstərilir ki, pensiya təminatı sistemində aparılan islahatlar həmin sistemin maliyyə dayanıqlığına nail olunmasına, eyni zamanda, onun sosial sığortaya əsaslanmayan öhdəliklərdən qorunmasına istiqamətlənməlidir. Sığorta prinsiplərinə əsaslanmayan xərclər minimum səviyyəyə endirilməklə maliyyələşmə optimallaşdırılmalıdır. Yəni, pensiyaların 1992-ci ilə qədər olan iş stajına görə hesablanan hissəsi və qulluq stajına görə verilən pensiya dövlət öhdəliyinə verilməlidir.
Ümumiyyətlə, DSMF-də hesab edirlər ki, pensiya islahatları apararkən beynəlxalq tendensiyaları və ölkəmizin gələcək inkişaf hədəflərini nəzərə almaq lazımdır. Hazırda dünyada pensiya təminatında 2 sistemdən biri - həmrəylik və ya yığım sistemi, ya da onların qarışıq variantı tətbiq olunur. Həmrəylik sistemində pensiyaçılar işlədiyi müddətdə nə qədər sosial sığorta haqqi ödəməyindən asılı olmayaraq, bəlli məbləğdə pensiya alırlar. Yəni, cavanlar işləyərək fonda pul ödəyirlər, həmin pul qocalara sərf olunur. Nəticədə işləyən nəsil fonda pul ödəməkdə maraqlı olmurlar. Son dövrlər daha da kəskinləşən qlobal yaşlanma amili həmrəylik sistemini bir az da gözdən salıb. Həyat şəraiti yaxşılaşdıqca insanların ömrü uzanır, onlar daha uzun illər pensiya alırlar. Digər tərəfdən doğum səviyyəsi aşağı düşür, işçi qüvvəsi azalır. Avropa Birliyinin statistika idarəsinin hazırladığı proqnozlara görə, 2050-ci ilədək 15 yaşdan 64 yaşadək olan əməkqabiliyyətli əhalinin regionda sayı 52 milyon nəfər (17 faiz) azalacaq. Yaşı 65-dən yuxarı olanların sayı isə həmin vaxtadək 2 dəfə artacaq və Avropa Birliyinin bütün əhalisinin üçdə birini təşkil edəcək. Deməli, pensiya fonduna pul ödəyən işlək insanların sayı azalır, pensiya alanların sayı artır. Bunu nəzərə alaraq, bir sıra qərb ölkələri tədricən pensiyaları aşağı salır, pensiya yaşını qaldırır. Nəticədə, qlobal yaşlanmanın gətirdiyi problemlər həmrəylik sisteminin böhranına gətirib çıxarır.
Bu problemi nəzərə alan bir sıra ölkələrdə işləyən insanları sosial sığortaya cəlb etmək üçün yığıma söykənən sistem təklif olunur. Yəni, hər bir işləyən üçün ayrıca hesab açılır, onun ödədiyi sosial sığorta bura yığılır və sonda yığılan pula uyğun pensiya verilir. Ancaq son maliyyə böhranı bu sistemin də kifayət qədər risqli olduğunu göstərdi. Bir sıra inkişaf etmiş ölkələrdə pensiya hesablarına yığılan pullar dəyərdən düşdü, insanlar nəinki gözlədiyi, heç aşağı səviyyəli pensiyanı da ala bilmədilər.
Hər iki sistemin həm müsbət tərəflərini, həm də zəif cəhətlərini nəzərə alaraq bir çox ölkələrdə, o cümlədən Azərbaycanda pensiya təminatında qarışıq sistemin tətbiqinə üstünlük verildi. Bu zaman sosial sığortanın bir hissəsi həmrəylik sistemi üçün ayrılır, digər hissəsi real yığım komponentinə yönəldilir.
Beləliklə, məlum oldu ki, həmrəylik sistemində insanlar iştirak etmək istəmir, amma maliyyə nöqteyi nəzərindən bu, daha etibarlıdır. Real yığım komponentlərində insanlar iştirak etməkdə maraqlıdırlar, amma bu vəsaitləri bazar təsirlərindən qorumaq çox çətindir. Hətta maliyyə böhranının dərsləri göstərdi ki, bir sıra hallarda mümkünsüzdür.
Tendensiyalar araşdırıldıqdan sonra Azərbaycan hökuməti belə qərara gəldi ki, həmrəylik sisteminin təkmil, etibarlı müliyyə-büdcə modeli ilə insanların iştirakını şərtləndirən sığorta prinsipləri vahid sistemdə birləşdirilsin. DSMF-nin sədri Elman Mehdiyevin sözləri ilə desək, "biz maliyyə modeli olaraq həmrəylik sistemini saxlayırıq, lakin insanlara münasibətdə bu yığım xarakterlidir. Bu baxımdan bunun adı şərti yığım xarakterli, yəni real pul kütlələri insanların hesablarına toplanmadan, yalnız hüquqlar nöqteyi-nəzərindən şərti yığım xarakterli həmrəylik sistemi adı almağa başladı".
Hazırda DSMF-nin fərdi uçot sistemində 2 milyon 886 mindən çox şəxs qeydiyyatdadır. Hər bir şəxs üçün açılmış fərdi hesabda ödənilən sosial sığorta haqlarının fərdi uçotu aparılır və bu uçot məlumatları əsasında pensiyalar təyin olunur. Bu isə o deməkdir ki, hər bir şəxs öz pensiya məbləğinin formalaşmasında birbaşa iştirak edir.
Samir Paşayev
Yazı DSMF-nin "Sığorta-pensiya sistemində aktiv iştirakınız gələcəyinizin təminatıdır" mövzusunda müsabiqəyə təqdim olunur