Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/
"Qarabağ qaziləri" və "Vətən Müharibəsi Əlilləri" birliklərinin mətbuat xidmətləri bəzi mətbuat orqanlarında saxta Qarabağ əlili barədə yayılan materiallarla bağlı birgə məlumat yayıb.
Trend xəbər verir ki, birgə məlumatda bəzi mətbuat orqanlarının yalan məlumat yaymasına təəssüf ifadə olunub: "Əslində, onlar hakimiyyəti vurmaq üçün saxta Qarabağ əlilindən istifadə edirlər. Bu, yolverilməzdir. Hazırda onlarla ağır vəziyyətdə olan Qarabağ əlili qalıb kənarda, mətbuat vasitəsi ilə bu addan başqaları istifadə edir".
"Qarabağ qaziləri" Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu deyib ki, bu günlərdə yenidən mətbuatda özünü I qrup Qarabağ qazisi (əlili) kimi təqdim edən, əslində isə əl və ayaqlarını tamam başqa səbəbdən itirən Elnur Əfəndiyev barəsində material yayılıb: "Heç kəsə sirr deyil ki, Qarabağ əlillərinin, şəhid ailələrinin, müharibə veteranlarının xeyli problemləri var və Azərbaycan dövləti həmişə bu qəbildən olan insanların mövcud problemlərini həll etmək üçün çox vacib işlər görür. Son vaxtlar isə bu məsələyə xüsusi bir diqqət olduğu hiss olunur. Azərbaycan Respublikası Prezidentinin bu ilin martında imzaladığı sərəncamlar da bu işlərin davamıdır. Hazırda təşkilatlarımız və bir sıra birliklər tərəfindən Qarabağ qazilərinin (əlillərinin), şəhid ailələrinin və müharibə veteranlarının problemlərinin həlli istiqamətində dövlət strukturları ilə müntəzəm və sıx iş aparılır. Sağlamlıq durumu ağır olan, yataqda ölümlə çarpışan onlara yarımcan qazimizin həyatının xilas edilməsi və digər məsələlər üzərində çalışırıq. Bu günlərdə Qarabağ müharibəsində şəhid və əlil olanların sığortası məsələsi də gündəmdədir. Bu, onların bir sıra problemlərinin həlli üçün çox ciddi və vacib məsələdir. Müharibə insanlarının qanunvericilikdən asılı problemlərinin həlli üçün Azərbaycan Respublikasının Milli Məclisinə konkret təkliflərlə müraciət etməyə hazırlaşırıq. Təəssüf edirik ki, belə bir məqamda kimlərsə bu qəbildən olan insanların ağrı və acılarından, onlara dövlətin həssas yanaşmasından, diqqət göstərməsindən istifadə edərək müxtəlif məqsədlərlə şou düzəldirlər. Və bəzi "vətənpərvərlər" də bunu qızışdırırlar. Bu yolverilməzdir!"
Məlumatda qeyd edilir ki, məhbus həyatı yaşamış Elnur Əfəndiyev əl və ayaqlarını Qarabağ müharibəsində itirməyib və bu hadisənin müharibə ilə heç bir əlaqəsi yoxdur: "Əldə etdiyimiz məlumata görə, Elnur Bakıda tamam başqa şəraitdə əl və ayaqlarını itirib. Buna da özü səbəb olub. Zərurət olarsa, bunu da tam dəqiqliyi ilə cəmiyyətə açıqlayarıq. Biz onun sağlamlıq durumuna görə acıyırıq. Amma təəssüf edirik ki, o, hər hansı bir məqsədinə nail olmaq üçün Qarabağ qazisi (əlili) adından istifadə edir: "Təşkilatlarımızın üzvləri tərəfindən ona bu barədə dəfələrlə xəbərdarlıq olunub. Lakin yenə də öz əməlindən çəkinməyib. Məcbur olub bu açıqlamanı yayırıq".