Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir İlkin İzzət/
Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri Lənkəranda yağan yağışlar nəticəsində həyatları təhlükə qarşısında qalmış insanları və mal-qaranı təxliyə edirlər.
Trend FHN-in rəsmi saytına istinadən xəbər verir ki, bu gün Lənkəran rayonu, Girdəni kəndi ərazisində yağan yağışlar nəticəsində vətəndaşların fərdi yaşayış evləri və həyətyanı sahələri su ilə dolub.
Əraziyə cəlb olunmuş Cənub Regional Mərkəzinin və Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri köməksiz vəziyyətdə qalmış 38 nəfəri xilas edərək təhlükəsiz əraziyə təxliyə ediblər.
Həmçinin, xilasedicilər Lənkəran rayonu, Göyşaban kəndi ərazisində yağış suları dolmuş mal-qara fermasından 30 baş xırdabuynuzlu və 10 baş iribuynuzlu heyvanları təhlükəsiz əraziyə çıxarıb, Lənkəran şəhərində su basmaya məruz qalmış fərdi yaşayış evlərinin və həyatyanı sahələrdə suçəkmə işləri aparıblar.
Ərazidə xilasetmə işləri davam etdirilir, yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.