...

"Heydər Əliyev sözün əsl mənasında bütöv bir əsrin - XX əsrin şəxsiyyəti idi"

Cəmiyyət Materials 13 Dekabr 2014 11:16 (UTC +04:00)
Heydər Əliyev sözün əsl mənasında bütöv bir əsrin - XX əsrin şəxsiyyəti idi.
"Heydər Əliyev sözün əsl mənasında bütöv bir əsrin - XX əsrin şəxsiyyəti idi"

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir İlkin İzzət/

Heydər Əliyev sözün əsl mənasında bütöv bir əsrin - XX əsrin şəxsiyyəti idi. Onun əməlləri bundan sonra da gələcək nəsillərə təlqin olunacaq və hər bir azərbaycanlı Heydər Əliyev məktəbindən bəhrələnəcək.

Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu daxili işlər Nazirinin müavini - Daxili Qoşunların komandanı general-mayor Şahin Məmmədov Daxili Qoşunların Baş İdarəsində ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar keçirilən tədbirdə bildirib.

Daxili Qoşunların komandanı ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışarkən diqqətə çatdırıb ki, hansı sahəyə diqqət etsək, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin yaratdıqlarını - onun şah əsəri olan müstəqil Azərbaycanı görmək olar: "Ulu öndərin ölkəyə rəhbərliyi sayəsində respublikada yaranmış vətəndaş müharibəsinə son qoyuldu, sabitlik yarandı, asayiş bərpa olundu və ən nəhayət, Azərbaycan iqtisadiyyatı yenidən qurularaq gündən-günə inkişaf etdi. Ulu öndər üçün müstəqil Azərbaycan fəlsəfəsinin təməlində azadlıq, demokratiya, iqtisadi tərəqqi, sosial ədalət və rifah dayanırdı. Bu fəlsəfə onun memarı olduğu müstəqil Azərbaycanda öz real əksini tapdı".

O, ümummilli lider Heydər Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Bunun üçün hərbçilərin üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edən Daxili Qoşunların komandanı bundan sonra da ulu öndərin ideyalarına sadiq olmağı, Vətənimizi Heydər Əliyev kimi sevməyi, dövlətimizə, dövlətçiliyimizə qarşı çıxanlarla barışmaz olmağı tövsiyə edib, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında sıx birləşməyi, onun əmr və göstərişlərini sözsüz yerinə yetirməyə hər an hazır olmağa borclu olduqlarını vurğulayıb.

Qeyd edək ki, anım mərasimində Daxili Qoşunların Komandanlığı ilə yanaşı, millət vəkili Zahid Oruc, siyasi elmlər doktoru, professor Elman Nəsirov da iştirak edərək fikirlərini bölüşüblər.

Tədbirdə Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən film nümayiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti