...

Azərbaycanda çuğundurlarla bağlı ilk tədqiqat

Cəmiyyət Materials 4 Fevral 2015 12:03 (UTC +04:00)
Azərbaycanda ilk dəfə molekulyar-genetik metodlardan istifadə etməklə, müxtəlif mənşəli şəkər çuğunduru genotiplərində genetik müxtəlifliyin hərtərəfli öyrənilməsinə yönəlmiş kompleks molekulyar-genetik tədqiqat işi aparılıb.
Azərbaycanda çuğundurlarla bağlı ilk tədqiqat

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda ilk dəfə molekulyar-genetik metodlardan istifadə etməklə, müxtəlif mənşəli şəkər çuğunduru genotiplərində genetik müxtəlifliyin hərtərəfli öyrənilməsinə yönəlmiş kompleks molekulyar-genetik tədqiqat işi aparılıb.

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutundan Trend-ə verilən məlumata görə, tədqiqat materialı olaraq, şəkər çuğundurunun (Beta vulgarıs L.) 42 nümunəsindən istifadə edilib. Tədqiqatın məqsədi molekulyar-genetik metodlardan istifadə etməklə, müxtəlif mənşəli şəkər çuğunduru genotiplərində genetik müxtəlifliyin öyrənilməsi, introduksiya olunmuş şəkər çuğunduru sort nümunələrinin kolleksiyasının yaradılması, onların Azərbaycanın torpaq-iqlim şəraitinə adaptasiyası və bu yolla milli genetik bankın yeni kolleksiya nümunələri ilə zənginləşdirilməsidir.

Tədqiqat zamanı 42 şəkər çuğunduru nümunəsində yüksək polimorfizm aşkar edilib, nümunələrin genetik qohumluq dərəcəsi təyin olunub. Klaster analizi aparılaraq, nümunlərin genetik qohumluq dərəcəsini əks etdirən dendroqram tərtib edilmişdir.

Dendroqramda İran mənşəli genotiplər ayrıca klaster əmələ gətirdiyi halda, Avropa mənşəli nümunələr klasterlər üzrə qeyri-bərabər şəkildə paylanıb. Bu, İran nümunələrində ümumi genetik fonun, Avropada isə əhəmiyyətli gen axınının olduğunu göstərir. İnstitutdan bildirilib ki, onilliklər boyu Avropa ölkələri arasında toxum mübadiləsi, yəni toxumların bir ölkədən alınaraq digər ölkənin torpaq iqlim şəraitində becərilməsi, hər hansı bir məqsədlə digər sortlarla çarpazlaşdırılması, yeni sortların alınması üçün valideyn və ya başlanğıc material kimi istifadə olunması nəticədə bu ölkələr arasında gen axının yaranmasına səbəb olub. Əldə edilən nəticələr elmin və təsərrüfatın müxtəlif sahələrində geniş şəkildə tətbiq oluna bilər.

Molekulyar analizlər əsasında şəkər çuğunduru genotiplərinin identifikasiyası onların genetik pasportlarını tərtib etməyə və seleksiyaçıların müəlliflik hüquqlarının qorunmasına zəmin yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti