...

Bələdiyyələrin yol verdiyi qanun pozuntuları açıqlandı

Cəmiyyət Materials 13 Fevral 2015 14:01 (UTC +04:00)
Azərbaycanda bələdiyyələrin 2014-cü ildə fəaliyyətlərində yol verdiyi nöqsanlar açıqlanıb.
Bələdiyyələrin yol verdiyi qanun pozuntuları açıqlandı

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanda bələdiyyələrin 2014-cü ildə fəaliyyətlərində yol verdiyi nöqsanlar açıqlanıb.

Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında ədliyyə nazirinin müavini Vilayət Zahirov bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini təqdim edərkən qeyd edib ki, əsas qanun pozuntularına bələdiyyə torpaqlarının idarəçiliyində yol verilib.

O qeyd edib ki, bu sahədə qanun pozuntuları təhlil edilib. Ümumiləşdirilmə nəticəsində bələdiyyələrin daha çox qanun pozuntularına kənd təsərrüfatı təyinatlı torpaqların qanunsuz olaraq qeyri-kənd təsərrüfatı məqsədləri üçün satılması, torpaqların kateqoriyalarının qanunvericiliyə riayət edilmədən dəyişdirilməsi, bələdiyyə qərarlarında torpaq sahəsinin kateqoriyasının və təyinatının göstərilməməsi, müxtəlif məqsədlər üçün mülki dövriyyəyə cəlb edilən torpaqlar barədə əhalinin məlumatlandırılmaması sahəsində qeydə alınıb.

V.Zahirov əlavə edib ki, 2014-cü ildə inzibati nəzarət qaydasında baxılması üçün icraata 66 694 bələdiyyə aktı daxil olub: "Bu 2013-cü illə müqayisədə 11,4 % çox olub. Daxil olan bələdiyyə aktlarının hər birinin ekspertizası aparılıb, nəticədə 62 908 akt qanunvericiliyə uyğun hesab edilib, 3 552 aktın dəyişdirilməsi, yaxud da ləğv edilməsi üçün onları qəbul edən bələdiyyələrə təkliflər verilib".

Onun sözlərinə görə, verilən təkliflər əsasında müvafiq bələdiyyələr tərəfindən 1709 akt ləğv edilib, 544 akt dəyişdirilib, 473 akt üzrə təsdiqedici sənədlər təqdim edilib, digərləri isə baxılmaqdadır:
"Bələdiyyə aktlarının dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı məhkəmələrdə 11 iddia qaldırılıb. Verilən təkliflərin bələdiyyələr tərəfindən qanuna müvafiq icra edilməsi nəticəsində belə iddiaların sayı son illər ərzində xeyli azalıb. Bələdiyyə tərəfindən torpaq sahələrinin qanunsuz mülkiyyətə və icarəyə verilməsi ilə bağlı qəbul edilən qərarlar nazirliyin təklifləri əsasında müvafiq bələdiyyələr və iddia ərizələri əsasında məhkələr tərəfindən ləğv edilib".

O, həmçinin qeyd edib ki, bütövlükdə 4022 ha torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınıb: "Onlardan 1502 ha kənd təsərrüfatı təyinatlı torpaqlar olub. Eyni zamanda, bələdiyyələrə 3998 tövsiyə göndərilib. Bələdiyyə aktlarının vaxtında təqdim edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 445 protokol tərtib edilərək müvafiq məhkəmələrə göndərilib. Onlardan 96-sı təkrar inzibati xəta üzrə tərtib edilib. Müvafiq protokollar əsasında 381 nəfər bələdiyyə sədri məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb edilib, 64 protokol üzrə müraciət isə baxılmaqdadır".

Nazir müavini deyib ki, ötən illərlə müqayisədə inzibati məsuliyyətə cəlb edilən bələdiyyə sədrlərinin sayı xeyli azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti