...

Məhkum Lamiyə Quliyeva azadlığa buraxıldı

Cəmiyyət Materials 20 Fevral 2015 13:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 fevral /Trend/

Məhkum Lamiyə Quliyeva məhkəmə zalından azadlığa buraxılıb.

Trend xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hazırda həbsdə olan L.Quliyevanın barəsindəki cinayət işi üzrə Baş Prokurorluğun verdiyi protest əsasında məhkəmə prosesi davam etdirilib.

Hakim Qədim Babayevin sədrlik etdiyi prosesdə məhkəmə protesti təmin edib və L.Quliyeva məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, fevralın 4-də Baş Prokurorluq L.Quliyevanın barəsində olan cinayət işi ilə bağlı protest verib.

Xətai Rayon Məhkəməsinin hakimi Habil Məmmədov tərəfindən protestin baxılma müddətinin bərpa olunması və protestə baxılması barədə qərar qəbul edilib. Bundan sonra iş Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Xatırladaq ki, 1987-ci il təvəllüdlü L.Quliyeva 2003-cü ildə həbs edilib. Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən təqsirləndirilən L.Quliyeva və keçmiş nişanlısı Vüqar Əliyev 2003-cü ilin mayında Şəmkir rayonunun sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndiriliblər.

Respublika Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan L.Quliyevanın barəsində 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə cinayət işi başlanıb. Həmin cinayət işi ilə əlaqədar onun cəzası 5 il 6 ay artırılıb.

Prokurorluğun verdiyi protest 317-ci maddə ilə bağlıdır.

V.Əliyev isə hazırda Qobustan həbsxanasında cəza çəkir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti