Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir Elçin Mehdiyev/
Beynəlxalq tədqiqatlardan görünür ki, insan alverinin durmadan genişlənməsi - transmilli mütəşəkkil cinayətkarlığın və qanunsuz miqrasiyanın qlobal xarakter alması, ucuz işçi qüvvəsinin külli miqdarda gəlir gətirməsi, gender bərabərliyinin pozulması, məişət zorakılığı və digər problemlərlə əlaqədardır. Trend-in məlumatına görə, bu barədə aprelin 3-də Milli Məclisdə müzakirə ediləcək Azərbaycanın insan alverinə qarşı mübarizəsi ilə bağlı 2014-cü il üzrə hesabatında bildirilir.
Sənəddə qeyd olunur ki, Birləmiş Millətlər Təşkilatının dünyada insan alverinin vəziyyətinə dair 2014-cü ilin noyabr ayına olan hesabatına görə transmilli mütəşəkkil cinayətkarlığın bu təhlükəli növünə demək olar ki, bütün dövlətlərdə və regioniarda rast gəlinir. Son 5 ildə 152 ölkədən olan qurbanlar istismar məqsədilə 500-dən çox daimi marşrut üzərindən 124 ölkəyə daşınıb. Hər il bütövlükdə 20 milyondan artıq şəxs insan alverinin qurbanına çevrilir ki, onların da arasında məcburi əməyə cəlb olunanların sayı stabil templə artaraq 40 faizə yüksəlib. Qurbanların 53 faizi cinsi istismara, 7 faizi isə orqan transplantasiyası və digər məqsədlərlə alqı-satqıya məruz qalır. Narahatedici məqamlardan biri də qurbanların içində azyaşlı qızların xüsusi çəkisinin 21% təşkil etməsidir.
Həmçinin, bügünədək 31 dövlətin Birləşmiş Millətlər Təşkilatının "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" Konvensiyasına və onu tamamlayan Palermo Protokoluna qoşulmaması 2 milyarddan çox şəxsin insan alverinin beynəlxalq müdafiə mexanizmləri ilə əhatə olunmasını istisna edir.
Bütün bunlara baxmayaraq, insan alverinin qarşısının alınması, qurbanların hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlər dayandırılmayıb. Son 3 ilə yaxın müddətdə dünyada insan alveri ilə bağlı 25 mindən çox cinayət işinin istintaqı aparılıb, 15 minə yaxın şəxs məhkum edilib, 133 min qurbanın hüquqları bərpa olunub. İnsan alverinin mahiyyəti barədə məlumatlılığın artırılması, beynəlxalq ictimaiyyətin diqqətinin qurbanların üzləşdiyi problemlərə yönəldilməsi məqsədilə Birləşmiş Millətlər Təşkilatı iyulun 30-nu ötən ildən etibarən "İnsan alveri ilə beynəlxalq mübarizə günü" elan edib.
Dünyəvi, demokratik, hüquqi dövlət quruculuğu yolunu seçmiş, vətəndaş hüquq və azadlıqlarının təmin edilməsini dövlət siyasətinin prioritet istiqaməti elan etmiş Azərbaycanda 2014-cü il insan alverinə qarşı mübarizə tədbirləri kontekstində əhəmiyyətli olub.
Ölkəmizin insan alverinə qarşı mübarizəni daim yüksək səviyyədə təşkil etməkdə israrlı mövqeyinin, bu sahədə beynəlxalq öhdəliklərinə sadiq qalmasının əyani təsdiqi olaraq Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli Sərəncamı ila sayca üçüncü Milli Fəaliyyət Planı qəbul edilib.