Azərbaycan xəbərlər xidməti
Rüfət Əhmədzadə - Trend:
Əlbəttə ki, hər bir valideynin övladı ilə bağlı arzuları var. Amma hər bir uşağın da öz arzuları var. Çox zaman bu arzular valideynlərin "ideal övlad" arzuları ilə üst-üstə düşmür. Və çox valideyn bunu düşünə, belə bir şeyin olacağına inana bilmir.
Arzular və xəyallar üsyan hissindən doğulur. Uşaq içinə qapanıb, gözlərini yumub, heç kimin (hətta ən yaxın adam olan valideynin də) təsəvvür etmədiyi bir dünya qurur özü üçün.
Burda onu heç kim heç nəyə məcbur etmir, kimsə ondan az yaşında xarici dillərdə bülbül kimi ötməyi tələb etmir, əlindən qaşıq düşəndə danlamır, ağzını siləndə hikkə ilə burnunu da əzmir... Və heç kim də başa düşmədiyi şeyləri əzbərləməyi tələb etmir.
Bəzən uşaqlarda bu "üsyankarlıq" dramatikləşir. Övlad valideynin kiçik bir iradını da isterik və ifrat şəkildə qəbul edir. Amma bunun səbəbləri də var: ya valideynin bitməyən tələbləri, ya da həddən artıq qeyri-tələbkar yanaşması. Bu ortaq məxrəc yoxluğu ailələrin qismində bütün cəmiyyət üçün təhlükəlidir. Nəticədə bir tərəfdən yaşlı nəsil ilə gənc nəsil arasında, digər tərəfdən də ifrat mühafizəkarlar ilə ifrat liberallar arasında uçurum yaranır. Yarımçıq yetişən gənclər müxtəlif təriqətlərdə, rəngbərəng çevrələrdə mənəvi təsəlli axtarır... Sonra da gəl tap görüm, uşağı kim korladı?!
Son illərdə Azərbaycan cəmiyyətində "ingilis dili" bumu yaşanır. Bəzi valideynlər uşaqları birinci sinfə gedə-gedə onlar üçün ingilis dili üzrə repetitor tutur; hələ 5-6 yaşlı uşaqlara "ingilis dili keçən bağça" axtaranları demirəm.
Hər şey - uşağın öz dilində bir cümlə yazması belə repetitor ümidinə qalıb, nəinki ingilis dili.... Gənc yaşında valideyn olan xanımlar bəzən uşağın ev məşğələlərinə necə yanaşacaqlarını bilmirlər, hövsələsizlik edirlər.
Bəzən buna valideynlərin təhsil çatışmazlığı da bəhanə gətirilir... Amma yüksək savad da lazım deyil, uşaqla valideyn məşğul olmalıdır. Valideyn həm də gündə 1 saat uşağın yanında oturub "səbrini basmaqla" valideynlik öyrənir, özünü təkmilləşdirir. Məktəbdə bir müəllim, evdə bir müəllim... Bəs uşağın valideynə olan ehtiyacı? Burda mənəvi amil də var axı.
Digər tərəfdən, repetitor övladınızda arxayınlıq və məktəbdəki təhsil sisteminə qarşı laqeydlik formalaşdırır. Anlaşılandır, sizi məktəbdəki dərslərin keyfiyyəti qane etməyə bilər, amma uşaqlarda icbari təhsilə, məktəbə, partaya və kollektiv məşğələlərə ikrah hissinin yaranması və dərinləşməsi yaxşı deyil.
Uşaq elə uşaq kimi böyüməlidir, az-az, xırda-xırda, damcı-damcı dünyanı həzm eləməlidir. Onu birdən yükləmək olmaz.
Övladlarınızın xarici dilləri qəbul etməsi ancaq 9-12 yaşlarında həftədə 1-2 saat arası olmaqla mümkündür ki, bu da məktəblərdəki təhsil proqramına daxil edilib. Artıq yükləməyə ehtiyac yoxdur. İnsan öz dilini və kimliyini 12 yaşına qədər tam qəbul etməli, qavramalıdır.
Xarici dillərin tədrisi yalnız ondan sonra mümkün ola bilər. Əgər çox israrlısınızsa... "Uşaq xarici dili öyrənməsə olmaz" deyirsinizsə... 12-15 yaşları arasında övladınızın həm ingilis dilində, həm də rus dilində "çırtlamasını" tələb edə bilməzsiniz. Bu illərdə repetitor tutsanız belə, ancaq 1 xarici dil üzrə olmalıdır. Digər dili məktəbdə səthi şəkildə öyrənməsi bəs edər.
Amma yenə də, əsas onun bu yaşlarda dövlət dilini yaxşı bilməsi, bol mütaliə etməsidir.
Azərbaycan dili bölməsində oxuduğu halda, övladını rus dili bölməsinə qoyanlar da az deyil. Uşaqlarını iki yolun ayrıcında qoyurlar. Yenə çətinliklər, yenə repetitor axtarışı, yenə məktəb-ev ziddiyyətləri.
Əgər beyni kompüterə bənzətsək, dil onun əməliyyat sistemidir, şüurunun təməlidir. Hər bir insanın öz ana dili var. O, bu dildə düşünür, dilin təbiəti, mədəniyyəti ilə yaşayır.
Övladınız bir dildə normal düşünə, dərk edə, xəyal və arzular qura, hisslərini dolğun izah edə bilməyəcəksə... Nəyə lazımdır onun poliqlot böyüməyi?!