Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 17:54-də yayılıb)
Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir İlkin İzzət/
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Hüquq Maarifçiliyi Cəmiyyəti"nin rəhbəri İntiqam Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Trend-in məlumatına görə, hakim Rasim Sadıqovun sədirliyi ilə keçən məhkəmə prosesində çıxış edən prokuror, dövlət ittihamçısı Fərid Nağıyev bildirib ki, İ.Əliyev ona qarşı irəli sürülmüş bütün ittihamlar üzrə təqsirli bilinərək cəzalandırılmalıdır.
F.Nağıyev qeyd edib ki, istintaqın gedişində yüngülləşdiricl hal müəyyən edilməyib, cinayət qəsdən törədildiyindən və ağır olduğundan, İ.Əliyev cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
İttihamçı hesab edir ki, məhkəmə İ.Əliyevin 10 il azadlıqdan məhrum edilməsi və 3 il müddətində rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməsi haqqında qərar çıxarmalıdır.
Hakim bildirib ki, İ.Əliyevin tapşırığı ilə "Hüquq Maarifçiliyi Cəmiyyəti"nin baş mühasibi Gülşən Orucova 2009-2012-ci illərdə 119 min manat vəsaiti Cəmiyyətin Beynəlxalq Bankdakı hesabından bacısı Əfsanə Orucovanın "Unibank"dakı hesabına köçürüb. Bu əməliyyat 77 dəfə aparılmaqla həyata keçirilib.
İş üzrə şahid qismində ifadə verən Beynəlxalq Bankın nümayəndəsi Namiq Həsənov bildirib ki, ödəniş tapşırıqlarının icrası müəssisə rəhbərliyinin tapşırığı əsasında həyata keçirilib: "Mühasibin təqdim etdiyi sənədlərdəki imza yalnız onlarda olan müəssisə rəhbərinin imza nümunəsi ilə tutuşdurulduqdan və imza uyğun gələndən sonra ödəniş icra edilir, uyğun gəlmirsə, icra edilmir. Əfsanə Orucovanın hesabına edilən ödəniş tapşırıqlarının icrası zamanı təqdim edilən sənədlərdəki imza İntiqam Əliyevin imzasına uyğun olub".
Hakim qeyd edib: "Necə olur ki, 4 il ərzində Cəmiyyətin hesabından 119 min manat pul köçürülür, amma İntiqam Əliyevin xəbəri olmayıb".
O, həmçinin deyib ki, təqsirləndirilən şəxsin təqdim etdiyi sənəd hüquqi əsas sayıla bilməz və hüquqi sənəd kimi qəbul edilə bilməz.
Hakim müdafiə tərəfinə çıxış etmək üçün bir həftə vaxt verib və iş üzrə növbəti proses aprelin 21-nə təyin olunub.
Qeyd edək ki, İ.Əliyev keçən il avqustun 8-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 192.2-ci (qanunsuz sahibkarlıq) maddələri ilə təqsirləndirilir.