...

İntiqam Əliyev 7 il yarım müddətinə azadlıqdan məhrum edildi

Cəmiyyət Materials 22 Aprel 2015 18:29 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Hüquq Maarifçiliyi Cəmiyyəti”nin rəhbəri İntiqam Əliyevin cinayət işi üzrə keçirilən məhkəmə prosesində ona hökm oxunub.
İntiqam Əliyev 7 il yarım müddətinə azadlıqdan məhrum edildi

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir İlkin İzzət/

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Hüquq Maarifçiliyi Cəmiyyəti"nin rəhbəri İntiqam Əliyevin cinayət işi üzrə keçirilən məhkəmə prosesində ona hökm oxunub.

Trend-in məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə əvvəlcə İ.Əliyev son söz hüququ ilə çıxış edərək özünü irəli sürülən ittihamların heç biri üzrə təqsirli bilmədiyini deyib.

Hakim R.Osmanovun sonda oxuduğu hökmə əsasən, "Hüquq Maarifçiliyi Cəmiyyəti"nin rəhbəri İ.Əliyev 3 il müddətinə dövlət və özünü idarəetmə orqanlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar rəhbər vəzifələr tutmaq hüquqlarından məhrum edilməklə və 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, aprelin 14-də keçirilmiş prosesdə çıxış edən dövlət ittihamçısı, prokuror Fərid Nağıyev təqsirləndirilən şəxs İ.Əliyevin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 5 maddəsi ilə - vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı, mənimsəmə və qanunsuz sahibkarlıq üzrə təqsirli bilinib, cinayətlərin məcmusu üzrə 3 il müddətinə dövlət və özünü idarəetmə orqanlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar rəhbər vəzifələr tutmaq hüquqlarından məhrum edilməklə və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini təklif etmişdi.

Dünən keçirilmiş prosesdə isə hüquq müdafiəçisinin vəkilləri İ.Əliyevin təqsirsiz olduğunu bildirmiş, barəsində başlanan cinayət işinə xitam verilməsini, onun barəsində seçilən həbs qətimkan tədbirinin ləğv edilməsini və irəli sürülən bütün ittihamlar üzrə bəraət hökmünün çıxarılmasını istəmişdilər.

Qeyd edək ki, İ.Əliyev ötən il avqustun 8-də saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti