...

Uşaq hüquqları üzrə pilləli tədris layihəsi cari ildə uğurla həyata keçirilib

Cəmiyyət Materials 18 May 2015 23:19 (UTC +04:00)
Ombudsman Elmira Süleymanovanın fəaliyyətində əhalinin digər qruplarının hüquqları ilə yanaşı, uşaq hüquqlarının da müdafiəsi və təmini mühüm yer tutur.
Uşaq hüquqları üzrə pilləli tədris layihəsi cari ildə uğurla həyata keçirilib

Azərbaycan, Bakı, 18 may /Trend/

Ombudsman Elmira Süleymanovanın fəaliyyətində əhalinin digər qruplarının hüquqları ilə yanaşı, uşaq hüquqlarının da müdafiəsi və təmini mühüm yer tutur.

Məlum olduğu kimi, artıq altıncı tədris ilidir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilin təşəbbüsü və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində orta ümumtəhsil məktəblərində uşaq hüquqları üzrə pilləli tədris proqramı uğurla həyata keçirilir.

Qeyd olunmalıdır ki, ölkə Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş və uğurla həyata keçirilən Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının 4.4.-cü maddəsində orta ixtisas və ali təhsil müəssisələrində insan hüquqlarının tədrisinin genişləndirilməsi, ümumtəhsil məktəblərində uşaq hüquqlarının pilləli tədrisinin inkişaf etdirilməsi nəzərdə tutulmuşdur.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 2015-ci ilin fevral ayının əvvəlindən başlayaraq, Bakı şəhərinin hər rayonu üzrə bir, respublikamızın Zaqatala, Balakən, Samux, Şəmkir, Masallı, Astara, Xaçmaz və Quba rayonlarının hərəsindən bir orta ümumtəhsil məktəbi seçilməklə, ümumilikdə 20 məktəbdə Uşaq hüquqlarının pilləli tədrisi həyata keçirilmiş və bu günlərdə başa çatmışdır.

Ombudsman Aparatında bu məqsədlə yaradılmış və səmərəli fəaliyyət göstərən hüquqi maarifləndirmə qrupunun əməkdaşları adıçəkilən layihə çərçivəsində şagirdlərə Uşaq Hüquqları Konvensiyası, Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanununun müddəalarını izah etmiş, uşaqlara onların hüquqları, vəzifələri, eyni zamanda uşaq hüquqlarını müdafiə edən dövlət qurumlarının səlahiyyətləri barədə məlumat vermişlər. Proqram çərçivəsində məktəblərdə seçilmiş uşaqlar sərbəst şəkildə özlərindən bir pillə aşağı siniflərdə təhsil alanlar üçün uşaq hüquqlarına dair treninqlər keçirərək, Müvəkkilin nümayəndələrindən bu sahədə öyrəndikləri bilgiləri həmyaşıdlarına aşılamışlar.

Qeyd edilməlidir ki, uşaqların iştirakı ilə gerçəkləşdirilən, müvafiq modullar əsasında tətbiq olunan tədris proqramı uşaq hüquqlarının öyrənilməsinə öz töhfəsini verməklə yanaşı, şagirdlərin bilik və natiqlik bacarıqlarının inkişaf etdirilməsi, onların ictimai fəallığının artırılması, eləcə də müvafiq fənn müəllimlərinin insan hüquqları sahəsində ixtisaslaşmasında mühüm rol oynayır. İnteraktiv şəkildə aparılan pilləli tədris prosesində əsas diqqət şagirdlərin uşaq hüquqları sahəsində bilik səviyyəsinin inkişaf etdirilməsinə yönəldilmişdir.

Təsisatda hazırlanmış "Uşaq Hüquqları Konvensiyası" adlı kitab və "Uşaq hüquqları üzrə pilləli tədrislə bağlı seçilmiş mövzular" adlı dərs vəsaitindən, digər hüquqi nəşrlərdən və plakatlardan tədris prosesində istifadə edilmişdir.

Qeyd edilməlidir ki, Bakı şəhərində və rayonlarda keçirilən pilləli tədris proqramı şagirdlər, onların valideynləri və müəllimlər tərəfindən razılıqla qarşılanır və dəstəklənir.

Uşaq hüquqları üzrə pilləli tədris proqramında fərqlənən şagirdlərə sertifikatlar, müəllimlərə və direktorlara isə təşəkkürnamələr təqdim ediləcəkdir.

Beləliklə, 2009-2010-cu tədris ilindən etibarən hər il keçirilən adıçəkilən layihəyə 110-dan çox məktəb cəlb edilmiş, bu prosesdə fərqlənmiş 6350-dən artıq şagird Ombudsman tərəfindən sertifikatla təltif edilmiş, 500-dən çox müəllim və direktor təşəkkürnamə almışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti