Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini Stefen MakKormik mayın 25-də bölgə ilə tanışlıq məqsədilə Gəncəyə səfər edib.
Gəncə Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev hörmətli qonağı salamlayıb və Azərbaycanda ikinci ən böyük şəhər olan qədim Gəncənin potensial imkanları,iqtisadiyyatı və mədəniyyəti haqqında geniş məlumat verib. E.Vəliyev bildirib ki, Azərbaycanın dövlətçilik və qədim, zəngin mədəniyyət tarixinə şahidlik edən Gəncə böyük mütəfəkkir, sənət korifeyi Nizami Gəncəvinin,eləcə də Şərq qadın fikir və azadlığının parlaq təcəssümü olan ilk Azərbaycan şairəsi, şahmatçısı, ilk musiqiçi qadın Məhsəti Gəncəvinin vətənidir.
İcra başçısı qeyd edib ki, Gəncənin tarixi çox qədimdir və aparılan arxeoloji qazıntılar bunu bir daha təsdiq edir. Tarixiliklə müasirliyin vəhdətini özündə birləşdirən Gəncə Avropa məkanında yerləşməsə də, 2016-cı il üçün Avropanın Gənclər paytaxtı seçilib.
E.Vəliyev vurğulayıb ki, hazırda ölkə əlamətdar hadisə qarşısındadır. Gələn ay Bakıda I Avropa Oyunlarına start veriləcək və bu möhtəşəm tədbirə aparılan böyük hazırlıq işləri yekunlaşmaq üzrədir.
Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini S.MakKormik dünya sivilizasiyasına böyük dühalar bəxş etmiş Gəncəyə səfər etməyin onun çoxdankı arzusu olduğunu bildirib. Bu gün bu qədim şəhərdə olmağından məmnun qaldığını bildirən diplomat iki gün ərzində Gəncə ilə daha ətraflı tanış olacağını vurğulayıb. Eyni zamanda, səfərinin məqsədinin Azərbaycanın ikinci şəhəri olan Gəncənin inkişafını gözləri ilə görmək və əməkdaşlığın yollarını aramaq məqsədi daşıdığını bildirib.
S.MakKormik İcra Hakimiyyətindəki qəbuldan çox müsbət fikirlərlə ayrıldığını bildirib. Səfir müavini onu da diqqətə çatdırıb ki, Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarına təmsil etdiyi ölkədən böyük idmançı qrupu gələcək və bu möhtəşəm yarışda öz qüvvələrini sınayacaqlar.
İcra Hakimiyyətindəki görüşdən sonra səfir müavini S.MakKormik YAP Gəncə şəhər təşkilatında olub və şəhərlə tanışlığa başlayıb.