...

"Azərbaycanın geosiyasəti"

Cəmiyyət Materials 21 İyul 2015 16:09 (UTC +04:00)

Yunus Oğuz - "Azərbaycanın geosiyasəti"

Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr

"... Bu baxımdan, - müəllif yazır, - Azərbaycan özünün regional imicinə, daxili ideoloji-mədəni resurslarına görə dünyada seçilən yerlərdən birini tutur. Bu yer bir tərəfdən Azərbaycanın keçmiş prezidenti, ümummilli lider, dünyada nüfuzlu ictimai-siyasi və dövlət xadimi imici qazanmış Heydər Əliyevin uzun müddət ölkəni beynəlxalq aləmdə təmsil etməsi, müsəlman ölkələri içərisində Azərbaycanın daha çox Avropa dəyərlərinə, dünyəvi və hüquqi dövlət quruculuğu yoluna üstünlük verməsi, xalqın təhsil, mədəni və intellektual səviyyəsinin yüksək olması, dünyanın elm, mədəniyyət və incəsənət xəzinəsinə verdiyi qabaqcıl töhfələr, digər tərəfdənsə hazırda prezident İlham Əliyevin yürütdüyü tam müstəqil və prinsipial xarici siyasət kursu ilə bağlıdır". (Bax, s. 147)

Əli Həsənov bunu doğru yazır ki, Azərbaycan tam müstəqil və müstəqil xarici siyasət yeridir. Mən buraya daha bir element əlavə edərdim. Son dövrlər Azərbaycanın başqa dövlətlərdən fərqli inkişaf etdirilməsi, bununla da cəlbediciliyinin daha da artırılmasını. Geosiyasi etibarlılığa və bu çəkinin yüksəlməsinə yardım edən amillərdən biri də tam müstəqil mədəni siyasət yürüdülməsidir. Belə ki, Asiya və Avropanın qovşağında yerləşən Azərbaycan təkcə təbii qaynaqlarına görə cəlbedici olmamalıdır. Eyni zamanda keçmiş və gələcəyini də daxil etməklə bu mənəvi və maddi dəyəri özündə sintez edib, dünyada bütün mədəniyyətlərdən fərqli və cəlbedici olan, başqa mədəniyyətlərdən seçilməsi dövləti daha cəlbedici edir, bu orijinallığı ilə bu mədəniyyəti görməyə gələn turistlərin sayın çoxaldır, iqtisadiyyatın möhkəmlənməsinə yaxından kömək edir. Qonaqların və turistlərin ölkəyə axını təbiidir ki, təhlükəsizlik sistemini gücləndirir, bu da eyni zamanda Azərbaycana təhlükəsizlik imici qazandırır. Geosiyasi etibarlılıq özünü, beləliklə müstəqil və tam mədəni siyasət yürütməkdə göstərir.

Yeri gəlmişkən, mədəniyyət sahəsində son zamanlar müsbət tendensiyanın cizgiləri görünməkdədir. Belə ki, dövlət başçısının yürütdüyü siyasət və Heydər Əliyev Fondunun bu siyasəti davam etdirməsi nəticəsində yeni Azərbaycan mədəniyyəti formalaşır. Bu yeni mədəniyyətin üstünlüyü nədən ibarətdir?

Məlumdur ki, sovetlər birliyi dönəmində yeni sovet mədəniyyəti yaradılmağa cəhd edilirdi. Buna görə də keçmiş mənəvi və maddi abidələr ya Moskva tərəfindən rədd edilir, ya da onlar təhrif olunmuş şəkildə yeni nəsilə çatdırmağa cəhd edilir, bununla da yeni nəsil keçmişdən ayrılır, onu guya yeni mədəniyyətin, yəni sovet mədəniyyətinin daşıyıcısı kimi qələmə verirdilər. Əslində bu dönəmdə tariximizin, mədəniyyətimizin assimilyasiyası prosesi gedirdi. Bu bizi fəxr edə biləcəyimiz keçmişdən ayırır, onu öyrənib, tədqiq edib, edə biləcəklərimiz səhvlərdən çəkinməyə qoymurdu. Tarix təhrif olunurdu, bizim olan qəhrəmanlar ya yadlaşdırılır, ya da onlara qarşı qaniçən, cəllad, despot adı ilə verməklə nifrət hissi oyadırdılar. Bizim tarixə qovuşan şair, alimlərimiz bizim deyil, deyə inandırmağa çalışırdılar ki, bunların yaratdıqları mədəniyyət yad elementlər daşıyır və sovet mədəniyyətinin təfəkkürünə uyğun deyildir. Tara qadağa, muğama biganəlik, köklü xalq yaradıcılığına barmaqarası baxmaq adi hala çevrilmişdi. Bəzən böyük dünya tarixində yer tapmış məktəbləri isə özünəxas şəkildə sovetləşdirirdilər. Məsələn, az qalırdı desinlər ki, hürufi və sufi cərəyanları ateist cərəyanlarıdır. Böyük hürufi şairimiz İmadəddin Nəsimiyə isə allahsız damğası vurulmuş, onun şeirləri isə allahı inkar edən nümunələr kimi təqdim olunurdu. Maddi abidələr bizim deyildi, çünki tarixin zamanın qırmaqla milli kimliyimizi unutdurmağa çalışırdılar. Əslində bu, yəni bizə tariximizi və keçmişimizi unutdurmaqla cəhd edilirdi ki, siz tarix yaradan deyilsinizsə, mədəniyyət yarada bilməzsiniz və əgər bunu yaratmaq istəyirsinizsə hökmən "böyük qardaş" yanınızda olmalıdır və onun dediklərinə, məsləhətlərinə hökmən və mütləq qulaq asmalısınız, əməl etməlisiniz.

Fərəhli haldır ki, Azərbaycan yenidən müstəqillik qazandıqdan sonra dövlətimiz nəinki qədim keçmişimizdə yaranan maddi və mənəvi mədəniyyətimizə, tariximizə sahib çıxdı, hətta yaxın keçmişimizdə, yəni sovetlər birliyində yaranan mədəniyyətimizdə müsbət nə vardısa ondan imtina etmədi, əksinə bu dövrdə yaranan şedevr əsərlərimizin qorunmasında və təbliğində fəal iştirak etdik və indi də edirik.

Yaranmış yeni geosiyasi məkanda özündə tariximizi, keçmişimizi, maddi və mənəvi abidələrimizin elementlərini ehtiva edən, onları müasir dövrün elm texnologiyası ilə çuğlaşdıran yeni mədəniyyət gərək idi. Azərbaycan dövləti və onun lideri, yaxud liderləri bunun öhdəsindən müvəffəqiyyətlə, uğurla gəldilər. Yeni mədəniyyətin yaranması bu məkanda cəlbedici və təkrarsız olduğundan çox rəğbətlə qarşılandı. Bu həm də yeni düşüncə tərzi oldu. Keçmişimiz həm də bizə uğur, hörmət, nüfuz qazandırır.

Yeni mədəniyyət düşüncəsi yaranıb və bu proses davam edir. Bu düşüncə tərzi tariximizin ən zəngin elementlərini - incəsənətdə və ədəbiyyatda (bu sahələrə bütün elementlər daxildir; folklor, dastanlar, rəvayətlər, musiqi, yazılı və şifahi xalq ədəbiyyatı və s.) tarixi abidələr və əşyalar, eyni zamanda onların nəfis şəkildə hazırlanmış naxışları, xalçaçılıq, tarixi abidələrin arxitekturası və onların elementlərinin müasir tikinti və şəhərsalma arxitekturasına tətbiqi və yeni orjinal, zəngin, dünya arxitekturasında seçilən arxitektura və başqa sahələri özündə birləşdirir.

Yeni mədəniyyət düşüncəsi həm də dilimizin qorunmasına, zənginləşməsinə, saflaşmasına, onun sağlam inkişafına təkan verir. Dilin dövlət səviyyəsində qorunması və ona qayğı Azərbaycan dövlətinə imkan verir ki, həm Cənubi Qafqazda, həm də yaxın qonşularımızla sərhədyanı ərazilərdə dilimiz üstün mövqe tutsun. Eyni zamanda Azərbaycanla sərhədyanı ərazilərdə ticari əlaqələr xalq arasında həyata keçirilən zaman bu dildən istifadə edilsin. Bu dili regionda həm də onu üstün cəhətə gətirir ki, bu regionda quru və su sərhəd qonşularımızdan Qazaxıstan, Türkmənistan, Türkiyədə istifadə olunan dil qohum dildir. Gürcüstanda, Rusiyada, İranda sərhəd boyu ərazilərdə əsasən azərbaycanlılar yaşayırlar.

Sovet dövründə düşüncə tərzi ziyalılarımızı da, onların düşüncə və dilini tədricən assimilyasiya edirdi. Belə ki, əksər ziyalılarımız-bu, əsasən Bakıda daha çox yayğınlaşmışdı- rus dilində danışmağa, təhsil almağa və düşünməyə sövq edilir, bu dildə danışanlar, elm ilə məşğul olanlar daha üstün mövqeyə gətirilir, vəzifə, elm, incəsənət, mədəniyyət sahələrində irəli çəkilirdilər. Bu da dilimizin zənginləşməsinə, onun inkişafına maneçilik törədir, dili elm səviyyəsindən sıxışdırılıb çıxardılaraq, yalnız ara və məişət dili səviyyəsinə endirirdi. Bu da son nəticədə dilin tamamilə ölməsi prosesinə rəvac verəcəkdi. Elə indinin özündə bəzi insanlarımız və ziyalılarımız iki dildə düşünmə və danışma adətini unuda bilmir, beləcə, yaşayıb, yaradırlar, yəni beyinlə dilin arasındakı münasibətlər iki dilin formalaşmasından keçir. Belə ki, bəzi insanlara sual verdikdə, o insanlar həmin suala beynində, tutaq ki, rus dilində cavab verir, sonra onu Azərbaycan dilinə elə beynindəcə tərcümə edir və azərbaycanca cavab verir. Bu da ondan irəli gəlir ki, beyində iki cürə söz yaddaş ambarı var; onlardan biri passiv yaddaş ambarı və aktiv yaddaş ambarı, yəni gündəlik danışıqda istifadə olunan sözlər. Passiv yaddaş ambarında illərlə yığılan söz ehtiyatı mövcuddur, bəzən onu elmdə, ədəbiyyatda, incəsənətdə, professional işlə məşğul olanda işlədirsən. Passiv yaddaş ambarı, əsasən, sovetlərin vaxtında formalaşdığı üçün ziyalımız, yaxud sıradan biri dərhal diqqətini passiv söz ambarına yönəldir, orada hansı dildə sözlər formalaşıbsa, o dildə düşünür, beynində tərcümə edir və başqa dildə cavab verir. Əslində bu barədə çox-çox əsərlər yazmaq olar, amma mövzumuzun əsas predmeti olmadığı üçün əsas istiqamətdən kənarlaşmayaq.

Ardı var

Məqalədə:
Xəbər lenti

Xəbər lenti