...

Dərmanlara və dini materiallara tətbiq olunan nəzarət markalarının hazırlanması və satışı qaydaları təsdiq olunub

Cəmiyyət Materials 30 İyul 2015 11:07
Azərbaycan Nazirlər Kabineti “Nəzarət markalarının alınmasına görə ödənilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarət edilməsi və uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında qərar verib.
Dərmanlara və dini materiallara tətbiq olunan nəzarət markalarının hazırlanması və satışı qaydaları təsdiq olunub

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycan Nazirlər Kabineti "Nəzarət markalarının alınmasına görə ödənilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarət edilməsi və uçotunun aparılması Qaydası"nın təsdiq edilməsi haqqında qərar verib.

Trend Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu Qayda "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin beşinci və altıncı hissələrinə və "Dərman vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun 8.4-cü və 8.5-ci maddələrinə əsasən hazırlanıb.

Bu Qayda dərman vasitələrinə və dini təyinatlı ədəbiyyata (kağız və elektron daşıyıcılarında), audio və video materiallara, mal və məmulatlara, dini məzmunlu başqa məlumat materiallarına tətbiq olunan nəzarət markalarının (bundan sonra - nəzarət markaları) hazırlanması, onların alınmasına görə ödənilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarət edilməsi və uçotunun aparılması ilə bağlı məsələləri tənzimləyir.

Qaydaya əsasən, Səhiyyə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi növbəti təqvim ilinin başlanmasına 6 (altı) ay qalmış nəzarət markalarına olan illik tələbat barədə məlumatı Maliyyə Nazirliyinə təqdim edirlər.

Nazirliyin və Komitənin təqdim etdiyi tələbata uyğun olaraq, nəzarət markalarının hazırlanması (sifarişi) "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir. Nəzarət markalarının hazırlanması ilə əlaqədar xərclər dövlət büdcəsində Maliyyə Nazirliyinə (MN) nəzarət markalarının çap edilməsi üçün nəzərdə tutulmuş vəsait hesabına maliyyələşdirilir.

MN Nazirliyin və Komitənin təqdim etdiyi tələbata uyğun miqdarda sifariş etdiyi nəzarət markalarını növbəti təqvim ilinin 1 fevral tarixinədək onlara təhvil verir. Nəzarət markalarının saxlanılması Nazirlik və Komitə tərəfindən həyata keçirilir.

Nəzarət markalarının alınmasına görə ödənilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarət edilməsi və uçotunun aparılması MN tərəfindən həyata keçirilir.

Nazirlik və Komitə tərəfindən nəzarət markalarının hüquqi və fiziki şəxslərə satışı müqavilə əsasında həyata keçirilir. Bu müqavilədə göstərilən məbləğin dövlət büdcəsinə ödənilməsini təsdiq edən sənəd təqdim olunduqdan sonra nəzarət markaları hüquqi və fiziki şəxslərə təqdim edilir.

Nazirlik və Komitə hər rübdən sonrakı ayın 20-dək bu Qaydanın əlavəsindəki formada rüb ərzində satılmış nəzarət markalarının sayı və onların satışından dövlət büdcəsinə köçürülmüş pul vəsaitləri barədə məlumatları MN-ə təqdim edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti