...

Xarici universitetlərə imtahansız qəbulun yaratdığı problemlər və nazirliyin çağırışı - ARAŞDIRMA

Cəmiyyət Materials 5 Avqust 2015 16:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda ali məktəblərə qəbul kampaniyasının aparılması xarici ölkələrin universitetlərinə tələbə qəbulu ilə məşğul olan şəxsləri və ya şirkətləri yenidən fəallaşdırıb. Artıq xeyli müddətdir ki, müxtəlif vasitələrlə Azərbaycan gənclərinin xarici ölkələrin universitetlərinə imtahansız, yalnız attestatla qəbul olmasının mümkünlüyünü vəd edən reklamlar yayımlanır. Belə reklamlara aldananlar isə az deyil.

Problemi yaradan digər məqam odur ki, belə universitetləri seçən abituriyentlər Tələbə Qəbulu üzrə üzrə Dövlət Komissiyasının da açıqladığı kimi, ali məktəblərə qəbul imtahanlarında əsasən 0-100 bal toplayanlardır və bu cür zəif bilik nümayiş etdirmiş şəxslər xaricdə diploma yiyələndikdən sonra müxtəlif yollarla ölkənin əmək bazarına daxil ola bilirlər.

Azərbaycan Respublikası Təhsil Şurasının sədri Əjdər Ağayev Trend-ə açıqlamasında belə bir fəaliyyəti qanunsuz sayaraq bildirib ki, təhsildə vasitəçilik edən şirkətlər dövlət qeydiyyatından keçməlidirlər. Həmin şirkətlərə müvafıq dövlət qurumları tərəfindən lisenziya verilir: "Yəni bir tərəfdən, təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə ali məktəbə qəbul olmaq üçün yüksək balın toplanmasının zəruriliyindən danışırıq, digər tərəfdən, açıq şəkildə deyirik ki, harada istəyirsinizsə, gedib oxuya bilərsiniz. Bu məsələ ilə bağlı cəmiyyətdə müxtəlif fikirlər yaranır. Mənim aldığım məlumata görə, belə tələbələr çox zaman getdikləri ölkədə qruplaşmalara qoşulurlar. Bu, dövlət üçün ideoloji baxımdan ciddi problemlər də ortaya çıxarır".

Şura sədri təklif edir ki, belə bir formada tələbə qəbulunun həyata keçirilməsi üçün lisenziyalar verilməməli, bu fəaliyyət növü dayandırılmalıdır: "Xaricdə təhsilin təşkili çox zaman 3-4 şəxs tərəfindən yaradılmış qruplar tərəfindən həyata keçirilir. Onlar valideynlərdən, yaxud abituriyentlərdən qəbul üçün böyük məbləğdə pul tələb edir və bundan da qazanırlar".

Ə.Ağayev deyib ki, həqiqətən də xarici ölkələrin universitetlərinə attestatla daxil olmuş və zəif bilik səviyyəsi olan tələbələrin müəyyən qismi Azərbaycanın əmək bazarına daxil ola bilir. Ona görə də hökumət bu məsələyə xüsusi şəkildə yanaşmalı, konkret təlimatlarla problemi həll etməlidir: "Bu məsələ artıq ictimaiyyət tərəfindən həll edilməli deyil, hökumət bunu yoluna qoymalıdır".

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev isə Trend-ə açıqlamasında müxtəlif yollarla imtahansız tələbə qəbulunun həyata keçirilməsinin qarşısının alınması üçün inzibati qadağaların tətbiqinin tərəfdarı olmadığını deyib.

Onun sözlərinə görə, əgər oxumaq üçün seçilən ali məktəbin lisenziyası varsa və onun verdiyi diplom Azərbaycan Təhsil Nazirliyi tərəfindən tanınırsa, bu məsələdə maneə yaratmaq lazım deyil: "Biliyi zəif olan kadrlar onsuz da əmək bazarında özünə yer tapa bilməyəcək. Ancaq tələbənin qabiliyyəti varsa, gedib orada təhsil alıb qayıdırsa, biz ona niyə mane olmalıyıq?"

M.Quliyev bildirib ki, müxtəlif şirkətlər vasitəsilə tələbə qəbulunun həyata keçirilməsi zamanı valideynlərin və abituriyentlərin aldanmaması üçün daha çox maarifləndirmə işləri aparılmalıdır. Hətta orta məktəbin son siniflərindən başlayaraq, bu istiqamətdə təbliğatlar aparılmalı, şagirdlərə hansı xarici ölkə universitetlərinin perspektivli olması, onları necə seçməsi və bu məsələdə necə aldadıla bilməsi və s. başa salınmalıdır: "Digər tərəfdən, Azərbaycanda sovet dövründən belə bir mentalitet formalaşıb ki, insan diplom aldıqda yüksək imkanlar əldə edir, cəmiyyətdə sayılan adam olur. Hesab edirəm ki, bu mentaliteti də qırmaq lazımdır. İnsanın kimliyi onun təhsil səviyyəsi ilə bağlı olmalı deyil".

Təhsil Nazirliyindən isə Trend-ə bildirilib ki, "xaricdə təhsil mərkəzləri" xarici ölkələrin universitetlərinə tələbə qəbulunu imtahansız həyata keçirməklə yanaşı, Təhsil Nazirliyi adından onların göndərişi ilə xaricə oxumağa gedənlərin seçdikləri universitetlərin diplomlarının Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanıdıldığını da elan edirlər: "Bununla da böyük insan kütləsini bu prosesə cəlb etməklə, başqa sözlə, tora salmaqla onları sonradan böyük problemlərlə üz-üzə qoyurlar".

Nazirlikdən bildirilib ki, Təhsil Nazirliyi xaricdə təhsil sahəsində heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətinə görə heç bir məsuliyyət daşımır. Qurum heç bir şirkətə Təhsil Nazirliyi tərəfindən gələcəkdə diplomların tanınması əminliyini də verməyib: "Xaricə daha çox aşağı reytinqli universitetlərə gedən gənclər və onların valideynləri tamamilə aydın şəkildə dərk etməlidirlər ki, bu gənclər oxumaq üçün hara, niyə və kimin vasitəsilə gedirlər. Onların oxuduqları xarici universitetlərin lisenziya sənədləri, reytinqləri necədir? İkincisi, həmin gənclərin xarici ölkə universitetlərini bitirən zaman qazandıqları ixtisas bilikləri və dil səviyyəsi nə yerdədir? Bütün bunlar xaricdə oxuyub gələn gənclərin diplomlarının tanınmasında vacib amildir. Bir şeyi aydın bilmək lazımdır ki, Təhsil Nazirliyində diplomların tanınması zamanı bütün sənədlər diqqətlə və heç bir ödəniş tələb edilmədən yoxlanılır, xüsusilə də ixtisas və dil bilikləri videoçəkilişin müşahidəsi altında nəzərdən keçirilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti