...

Bakıda 30-a yaxın dönərxana və ət kəsimi yerləri bağlandı

Cəmiyyət Materials 5 Avqust 2015 16:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir Elmir Murad/

Ötən ay Bakıda 30-a yaxın iaşə obyekti, o cümlədən dönərxana və ət kəsimi yerləri cərimələnərək bağlanıb. Bunu Trend-ə açıqlamasında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev deyib.

Təmsil etdiyi qurumun ilin bütün fəsillərində sözügedən obyektlərdə yoxlamalar apardığını deyən İ.Abdullayev qeyd edib ki, yay mövsümündə reydlər daha çox həyata keçirilir. Nöqsanlar da elə bu reydlər zamanı aşkarlanır: "Ötən ay, qeyd etdiyim kimi, bir sıra obyektləri bağladıq. Dəfələrlə reydlər zamanı, həm də ondan əvvəl bu cür obyektlərə nöqsanların aradan qaldırılması üçün xəbərdarlıq etmişik. Amma çox təəssüf ki, bizim çağırışımıza əməl etməyənlər olur. Belə hallarda biz onları cərimələməyə məcbur oluruq".

Bununla yanaşı, bəzi sahibkarların və obyektlərin bu reydlərdən müsbət mənada nəticə çıxardığnı vurğulayan bölmə müdiri hesab edir ki, burada vətəndaşların da üzərinə çox böyük məsuliyyət düşür.

O, iaşə obyektlərində nöqsanların aradan qaldırılması üçün ictimai qınağın da vacib olduğunu vurğulayıb: "Əslində, əvvəlki illərlə müqayisədə bəzi obyektlərdə nöqsanların təkrarlanmaması istiqamətində irəliləyişlər var. Bu, təbii ki, təqdirəlayiq haldır. Amma burada bizim qurumla yanaşı, insanlarımızın da üzərinə çox böyük iş düşür. İnsanlar hər hansı bir obyektdə nöqsan görərlərsə, oradakı xidmətdən imtina etsə və həmin müəssisə ictimai qınağa tuş gəlsə, onlar çox güman yenidən səhvlər etməzlər".

Qurum rəhbəri, həmçinin bu mövsüm qidalardan zəhərlənmələrin azaldığını və bu istiqamətdə də irəliləyişin olduğunu qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti