...

“Azərişıq” ASC “ASAN Xidmət” mərkəzləri vasitəsi ilə xidmət əhatəsini genişləndirir

Cəmiyyət Materials 12 Avqust 2015 17:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 avqust /Trend, müxbir İlhamə İsabalayeva/

"Azərişıq" ASC "ASAN Xidmət" mərkəzləri vasitəsi ilə xidmət əhatəsini genişləndirməklə, vətəndaşlara keyfiyyətli xidmət təklif edir.

Azərişıq ASC-nin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, "Azərişıq" ASC-nin əsas vəzifəsi abonentləri fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək və onlara yüksək səviyyəli xidmət göstərməkdən ibarətdir. Bu istiqamətdə fasiləsiz olaraq geniş miqyaslı işlər həyata keçirilməkdədir.

Məlumatda bildirilir ki, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan "ASAN xidmət" mərkəzləri ilə birgə fəaliyyətdən bir il keçib. İlk olaraq fəaliyyət 4 saylı Bakı ASAN Xidmət mərkəzində, sonradan isə 1 və 2 saylı Bakı "ASAN Xidmət" mərkəzlərində fəaliyyətə start verilib.

Ötən müddət ərzində 9936 nəfər abonent müraciəti qəbul edilib və bu müraciətlər qısa müddətdə müsbət həll edilib.

Müraciət edən abonentlərin keyfiyyətli və sürətli xidmətlərdən məmnunluğu, müraciətlərin çoxluğu nəzərə alınaraq göstərilən xidmətin əhatəsininin daha da genişləndirilməsi məqsədilə cari ilin avqust ayından etibarən Sumqayıt, Sabirabad və 5 saylı Bakı "Asan Xidmət" mərkəzlərində fəaliyyətə başlanılıb.

Məqsəd abunəçilərə daha yaxın olmaq, vətandaşların müraciətlərinə ən qısa vaxt müddətində baxılması, şəffaflığın təmin edilməsi, müasir texnologiyaların tətbiqi və bütün əməliyyatların "bir pəncərə" prinsipi əsasında formalaşdırılmasıdır.

Asan xidmət mərkəzlərində abunəçilər borcun olmamasına dair arayışın verilməsi, elektrik enerjisi istehlakçısının dəyişdirilməsi, məişət abonentlərinin elektrik şəbəkəsinə qoşulması, qeyri-əhali üzrə texniki şərt müraciətlərinin qəbulu, borcun araşdırılması xidmətlərindən yararlana bilərlər.

"Azərişıq" ASC yaxın gələcəkdə "ASAN Xidmət" mərkəzlərində verilən xidmətlərin sayını çoxaltmaqla yanaşı, Bərdə və Gəncə "Asan Xidmət" mərkəzlərində də fəaliyyətə başlayacaq. Bu isə regionlarda olan abunəçilərin "ASAN Xidmət" vasitəsilə verilən xidmətlərdən faydalanmasına imkan verəcək.

Sumqayıt şəhərində yerləşən "Asan Xidmət" mərkəzinə Sumqayıt abunəçiləri ilə yanaşı, eyni zamanda, Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar rayonu abonentləri də müraciət edə bilərlər.

Abonentlər üçün yaradılmış elektron xidmətlərdən onlar mənzillərindən ayrılmadan "Azərişıq" ASC-nin rəsmi internet səhifəsi üzərindən və Elektron Hökumət Portalı vasitəsi ilə təqdim edilən elektron xidmətlərdən də faydalana bilərlər.

"Azərişıq" ASC-nin "ASAN Xidmət" mərkəzləri vasitəsi ilə göstərdiyi xidmətlərdən yararlanmaq üçün aşağıda göstərilmiş ünvanlara həftəiçi səhər saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə səhər saat 10:00-dan 17:00-dək müraciət etmək olar.

1 saylı Bakı "ASAN xidmət" mərkəzi
Ünvan: Bakı, Akademik Həsən Əliyev küçəsi, 36

2 saylı Bakı "ASAN xidmət" mərkəzi
Ünvan: Bakı, Nobel prospekti 23, AMAY Ticarət mərkəzinin 2-ci mərtəbəsi

4 Saylı Bakı "ASAN xidmət" Mərkəzi
Ünvan: Bakı, Bakıxanov qəsəbəsi,Sülh küc, 8A

5 Saylı Bakı "ASAN xidmət" Mərkəzi
Ünvan: Bakı, Heydər Əliyev pr, 115

Sumqayıt "ASAN xidmət" mərkəzi
Ünvan: Sumqayıt, 15-ci məhəllə 42d

Sabirabad "ASAN xidmət" mərkəzi
Ünvan: Sabirabad, Heydər Əliyev, 128

Məqalədə:
Xəbər lenti

Xəbər lenti