...

ADU-da OeAD-Avstriya Mübadilə Xidmətinin Bakı İnformasiya Mərkəzi açılıb (FOTO)

Cəmiyyət Materials 21 Sentyabr 2015 16:44 (UTC +04:00)
Azərbaycan Dillər Universitetində (ADU) universitetin nəzdində yaradılmış OeAD - Avstriya Mübadilə Xidmətinin Bakı İnformasiya Mərkəzinin açılış mərasimi keçirilib.
ADU-da OeAD-Avstriya Mübadilə Xidmətinin Bakı İnformasiya Mərkəzi açılıb (FOTO)

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir Elmir Murad/

Azərbaycan Dillər Universitetində (ADU) universitetin nəzdində yaradılmış OeAD - Avstriya Mübadilə Xidmətinin Bakı İnformasiya Mərkəzinin açılış mərasimi keçirilib.

ADU-dan Trend-ə verilən məlumata görə, açılış mərasimində ADU-nun rektoru Səməd Seyidov, Avstriyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aksel Vex, səfirlik əməkdaşları, universitetin professor-müəllim heyəti və almandilli tələbələr iştirak ediblər.

Çıxış edən S.Seyidov universitetdə müxtəlif dillərin tədris olunduğunu və bunların içərisində alman dilinin xüsusi yer tutduğunu vurğulayıb. O, alman dilinin inkişafında və tədris olunmasında ADU-nun Avstriya universitetləri ilə əlaqələrinin xüsusi yer tutduğunu söyləyib.

Avstriyanın Azərbaycandakı səfiri A.Vex ADU-da olmaqdan məmmunluğunu dilə gətirib. O, Avstriyanın Azərbaycandakı səfirliyinin 2010-cu ildə fəaliyyətə başlamasına baxmayaraq Avstriya və Azərbaycan arasında əlaqələrin 1999-cu ildən yarandığını qeyd edib. Səfir iki ölkə arasında elmi, mədəni, iqtisadi sahədə olduğu kimi təhsil sahəsində də əməkdaşlığın daha da genişləcəyindən danışıb.

Sonra OeAD - Avstriya Mübadilə Xidmətinin Bakı İnformasiya Mərkəzinin rəhbəri Səfa Əliyeva ən böyük arzusunun reallaşdığını dilə gətirdi. O, OeAD - Avstriya Mübadilə Xidməti haqqında məlumat verdi.

Sonda qonaqlar Avstriya Mübadilə Xidmətinin Bakı İnformasiya Mərkəzi, həmçinin Avstriya kitabxanası ilə tanış oldular.

Qeyd edək ki, OeAD - Avstriya Mübadilə Xidməti təhsil, elm və tədqiqat sahələrində geniş layihələr həyata keçirir, beynəlxalq əməkdaşlıq və mübadilələr aparır, bir sıra təqaüdlər təklif edir. OeAD-nin fəaliyyət dairəsinə yalnız ali məktəblər deyil, həmçinin bütün digər təhsil ocaqları da daxildir. OeAD müxtəlif ali və orta məktəblərarası mübadilə və əməkdaşlıq yaratmaqda vasitəçi rol oynayır, Avstriya təhsilini, elmini və tədqiqat işlərini bütün dünyada tanıdır, yayır, eyni zamanda mübadilə nəticəsində digər ölkələrin də təcrübəsindən faydalanır. Təklif etdiyi təqaüdlərdən yalnız tələbələr deyil, həmçinin müəllimlər və elmi işçilər də yararlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti