...

“Azərbaycanın geosiyasəti”

Cəmiyyət Materials 16 Noyabr 2015 13:58 (UTC +04:00)
Rəsmi Moskva da proseslərin hara getdiyini və nə ilə nəticələnəcəyini gözəl anladığından var gücü ilə Qərbin planlarına qarşı müqavimət göstərir
“Azərbaycanın geosiyasəti”

Yunus Oğuz

"Azərbaycanın geosiyasəti"

Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr

Rəsmi Moskva da proseslərin hara getdiyini və nə ilə nəticələnəcəyini gözəl anladığından var gücü ilə Qərbin planlarına qarşı müqavimət göstərir. Dünya Rusiyanın 2008-ci ildə Gürcüstana silahlı qüvvə yeridib, sonra geri çəkdikdən sonra, elə düşünürdü ki, dövrün bu çağında bir daha başqa dövlətin ərazisinə qəfil hücum edib onu ilhaq etməz, etsə də dünya birliklərinin qarşısında duruş gətirə bilməz. Amma Rusiya bunu etdi.

Rəsmi Moskva Ukraynaya qarşı enerji asılılığını onun yadına salaraq "borclarını qaytarmayana qədər qaz nəqlini dayandırıram" hədəsi effektiv səmərə vermədikdə, Gürcüstan hadisəsindən altı il sonra xəbərsiz-ətərsiz Krımı işğal etdi. Krım əhalisi bir gün yuxudan oyanıb gördü ki, onlar artıq Ukrayna deyil, Rusiya vətəndaşlarıdırlar. Krım işğalı böyük rezonansını hiss etdikdə, Moskva geri çəkilmək əvəzinə bu işğalı ört-basdır etmək üçün Ukraynanın şərqində iki separatçı vilayətdə Donetsk və Luqansk Xalq Respublikaları yaradaraq Rusiya tərəfindən hərtərəfli canlı qüvvə və maliyyə yardımı etdi.

Beləliklə, bu münaqişə hələlik "dondurulmuş münaqişə" vəziyyətinə gətirilsə də rəsmi Kiyev Qərbə doğru götürdüyü inteqrasiya kursunu nəinki dayandırmadı, əksinə hətta gücləndirdi də. Hazırda Ukrayna İsrail, Misir və bir sıra digər ölkələrlə yanaşı, ABŞ-dan ən çox maliyyə-texniki yardım alan dövlətlər sırasındadır.

***
Müəllifin fikrinə görə, mütəxəssilər Avrasiyanın və dünyanın qlobal regional hərbi-geostrateji və təhlükəsizlik sistemində də Ukraynanın rolunu və mövqeyini mühüm sayırlar... və bu ölkə 1998-ci ildən başlayaraq, Qara dəniz hövzəsinin digər yeni dövləti olan Gürcüstanla birlikdə, bir tərəfdən Qərbin təzyiq və təsiri, digər tərəfdənsə Rusiya ilə gərgin nəqliyyat münasibətlərinin təsiri altında özünün qərbyönümlü hərbi-geostrateji prioritetlərini və NATO blokunun xeyrinə təhlükəsizlik siyasətini müəyyənləşdirdi.

Qeyd edək ki, bundan sonra, yəni 2009-cu ildə Ukrayna və Gürcüstan NATO blokuna üzv olmaq üçün qərargahı Brüsseldə yerləşən quruma müraciət etdi.

Ukrayna-Azərbaycan münasibətlərinə gəldikdə isə əminliklə demək olar ki, hakimiyyət dəyişikliyindən asılı olmayaraq, bu dövlət ölkəmizin ərazi bütövlüyünə və sərhəd toxunulmazlığı prinsiplərinə sadiq qalır və yeri gələndə bu barədə bəyanatlar verməkdən belə çəkinmir.

Ukraynanın nəqliyyat-kommunikasiya, enerji təchizatına olan maraqları, tranzit keçid, hərbi-strateji və başqa sahələrdə tərəfdaşlıq münasibətləri Azərbaycanı həmişə özünə cəlb etmişdir. Qeyd edək ki, onun Azərbaycan və Gürcüstanla tərəfdaşlığı və əməkdaşlığı layihələri ona imkan verir ki, enerji asılılığının Rusiyadan xilas edən alternativ yoludur.

Eyni zamanda, mütəxəssislər hesab edirlər ki, enerji təhlükəsizliyi maraqları Xəzər-Qara dəniz və Cənubi Qafqazda GUAM üzvlərini və Belorusu Azərbaycanla birləşdirən əsas faktorlardan biri kimi çıxış edir. Qeyd edək ki, rəsmi Kiyev Rusiyadan enerji asılılığını azaltmaq, yaxud aradan qaldırmaq və əlavə gəlir əldə etmək üçün BAKI-SUPSA neft kəmərinin Odessa-Brodı marşrutu üzrə davam etdirilməsinə çalışır.

Ukrayna hərbi sahədə də Azərbaycanla sıx əməkdaşlıq edir. Bu barədə Əli Həsənov yazır: "Ukrayna ilə Azərbaycan arasında qarşılıqlı münasibətlərin mühüm sektorlarından biri olan hərbi-geostrateji tərəfdaşlığa gəldikdə isə, Ukrayna bu sahədə çoxdan özünü etibarlı tərəfdaş kimi tanıtmış və Azərbaycanın hərbi-sənaye kompleksi üçün təchizatçılardan birinə çevrilmişdir. Artıq 20 ildir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması fonunda Azərbaycan fəal şəkildə özünün hərbi-sənaye kompleksinin tikintisi sahəsində böyük təcrübəyə malik olmaqla Azərbaycan üçün çox mühüm tərəfdaşdır..." (Bax. s. 479)

Ukrayna ilə münasibətlərin bu gün də inkişafını və aktuallığını nəzərə alaraq, sonda qeyd etmək olar ki, iki ölkə arasında strateji müttəfiqlik üçün hər iki tərəfdən düşünülmüş addımlar atılır. Belə ki, elə lap yaxın zamanlarda bu ölkənin şərqində Luqansk və Donetsk özünün müstəqilliyini elan edəndə, Azərbaycan tərəfi Ukraynanın ərazi bütövlüyü və sərhəd toxunulmazlığı haqqında bəyanat verdi. Hətta bu rəsmi Moskvanın xoşuna gəlməsə də belə addım atıldı.

Belarus. Geosiyasi vəziyyətinə görə Belarus respublikası Rusiya ilə Şərqi Avropa arasında körpü rolunu oynasa da, bu rol Belarusdan daha çox Rusiyanın geosiyasi maraqlarına daha çox xidmət edir. Qeyd etdiyimiz kimi, Belarusun Rusiya ilə arasında bağlanan sazişlər, əməkdaşlıq haqqında müqavilələr, postsovet məkanında fəaliyyət göstərən qurumlardan fərqli olaraq daha işləkdir. Bu da bölgədə Rusiyanın geosiyasi mövqeyinin güclənməsi ilə şərtləndirilir.

Belə ki, Belarus və Rusiya arasında mühüm qərarlar imzalandı. Bunlardan ən birincisi, yanvar ayının altısında 1995-ci ildə bu iki ölkə arasında birgə Gömrük İttifaqı, fevralında dostluq və əməkdaşlıq haqqında müqavilə imzalandı. Yenə həmin ilin may ayının 26-da razılığa əsasən Belarus və Rusiya arasında sərhəd xətti ləğv olundu.

Rusiya-Belarus İttifaqının (atılan addımlardan sonra) əsası aprelin 1996-cı ildə qoyuldu. Qeyd edək ki, bu respublikanın apardığı daxili siyasət, yəni demokratiyanın inkişafının əngəllənməsi, insan haqlarının pozulması və s. məsələlər Qərb dövlətləri tərəfindən narazılıqla qarşılanması səbəbindən Belarus bütövlükdə xarici siyasətini Rusiya ilə razılaşdırır və onun atdığı addımları atır. Bu həm NATO-nun Şərqə doğru genişlənməsində, həm də postsovet məkanında gedən geosiyasi proseslərə münasibətdə Rusiya ilə Belarus arasında eyni mövqedən çıxış etməsində özünü göstərir. Bir sözlə Rusiyanın diktəsilə özünün xarici siyasətində ABŞ-ın postsovet məkanında dominantlığa qarşı yönəlib və Belarus bunu uğurla həyata keçirir.

Müəllifin qeyd etdiyinə görə, Belarusdakı siyasi duruma beynəlxalq aləmin münasibəti ziddiyyətli olsa da, onun sosial-iqtisadi vəziyyətinə yanaşma birmənalı deyil. Belə ki, dünya birliyindən təcrid olunmuş, Qərblə bütün münasibətləri dondurulmuş və onun maliyyə institutlarından məhrum edilmiş Belarus gözlənildiyinin əksinə olaraq, çox dinamik şəkildə inkişaf edir. Belarusun seçdiyi "özəl iqtisadi yol"un real nəticələr verdiyini, Qərb, o cümlədən Beynəlxalq Valyuta Fondu, Ümumdünya Bankı kimi nüfuzlu strukturlar da etiraf edirlər. Yalnız bir faktı demək kifayətdir ki, 1997-98-ci illərdə Belarus sənaye artımının həcminə görə bütün Avropada lider ölkə olmuşdur. Həmçinin, ölkə iqtisadiyyatının inkişafı fonunda Belarusun xarici dövlət və təşkilatlar borcunun olmaması da diqqəti cəlb edir.

Bəs buna səbəb nədir ki, adı çəkilən ölkə bütün təzyiqlərə baxmayaraq sənaye artımının həcminə görə Avropada liderlik edir? Bu sətirlərin müəllifi olaraq Belarusda olarkən bu sualı bəzi məmurlara qeyr-rəsmi ünvanlayırdım. Elə qeyri-rəsmi də olaraq yarıciddi, yarızarafat cavab verirdilər ki, Belarusun Sovet İttifaqının sonuncu dayağı olmasını nəzərdən qaçırmayın. Doğurdanmı belədir?

Apardığım müşahidələr göstərdi ki, bu dövlət son vaxtlar tikinti sahəsində Çin, Türkiyə və b. dövlətlərin aparıcı şirkətləri ilə müqavilə imzalayıb və əsasən də ölkənin paytaxtında yeni binaların, hotellərin, əyləncə mərkəzlərinin və s. tikilməsi geniş vüsət alıb. Lakin, kənd təsərrüfatı və sənaye sahələrində yalnız öz gücünə, potensialına arxalanaraq sovetlərdən qalma sistemi inkişaf etdirir.
Ardı var

Məqalədə:
Xəbər lenti

Xəbər lenti