...

BANM-də “Kitabi-Dədə Qorqud” bizim mənəvi sərvətimizdir” tədbiri keçirilib (FOTO)

Cəmiyyət Materials 16 Dekabr 2015 10:41 (UTC +04:00)
Bakı Ali Neft Məktəbində (BANM) ““Kitabi-Dədə Qorqud” bizim mənəvi sərvətimizdir “ adlı tədbir keçirildi.
BANM-də “Kitabi-Dədə Qorqud” bizim mənəvi sərvətimizdir” tədbiri keçirilib (FOTO)

Bakı. Trend:

Bakı Ali Neft Məktəbində (BANM) ""Kitabi-Dədə Qorqud" bizim mənəvi sərvətimizdir " adlı tədbir keçirildi. Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, öncə SOCAR-ın "Günəşli" yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olan neftçilərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirdi ki, BANM-də təhsil alan tələbələr gələcəkdə neftçi peşəsində öz əməlləri ilə onların ruhunu şad etməlidirlər.

Rektor Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun rəhbərliyi və nümayəndələrinin Ali Məktəbə gəlişindən məmnun olduğunu və belə layihələrin davamlı xarakter almasının vacibliyini vurğuladı. O, bildirdi ki, Azərbaycan gənclərinə milli-mənəvi dəyərləri təbliğ etmək işini qarşısına məqsəd qoyan bu Fondun gördüyü işlər təqdirəlayiqdir. Elmar Qasımov "Kitabi-Dədə Qorqud" və bu kimi dəyərlərin tələbələrə aşılanmalı olduğunu bildirdi.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov öz çıxışında Fondun yaranma tarixindən və fəaliyyətindən söz açaraq Fondun fəaliyyətinin əsas istiqamətinin maarifləndirmə olduğunu dedi. O. Azərbaycan Repsublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə bu ilin əvvəlindən başlayaraq Azərbaycan şifahi xalq ədəbiyyatının qədim yazılı abidəsi olan "Kitabi-Dədə Qorqud"un alman şərqşünası, türkoloq Fridrix fon Dits tərəfindən alman dilinə tərcümə olunaraq dünyaya tanıdılması və ilk dəfə tədqiqata cəlb edilməsinin 200 illiyinin qeyd olunduğunu bildirdi.

İcraçı direktor Bilik Fondunun təşkilatçılığı ilə bu istiqamətdə əhali arasında, müəssisə və təşkilatlarda həyata keçirilən maarifləndirmə, təbliğat xarakterli tədbirlər barədə məlumat verdi. Fondun xətti ilə keçirilən tədbirlər haqqında danışan O.Səmədov həm Bakıda, həm də regionlarda Fondun gördüyü işlər, həyata keçirdiyi layihələrdən bəhs etdi. BANM-in tələbələrini Fondun tərkibində könüllülərin qrupunda təmsil olunmağa səslədi. O, kitaba maraq və kitabın təbliği ilə bağlı keçirilən layihələrdən söz açaraq, bununla bağlı bir sıra mühüm tədbirlərin keçirildiyini dedi və tədbirlərin əhəmiyyətini vurğuladı. Bununla yanaşı, müxtəlif istiqamətlərdə bir çox sosial layihələr, o cümlədən ölkə hüdudlarından kənarda da tədbirlər keçirildiyini bildirdi. O, Bilik Fondunun BANM-lə əməkdaşlıq etməyə hazır olduğunu dedi.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Muxtar İmanov "Kitabi-Dədə Qorqud" və dövlətçilik" mövzusunda məruzə ilə çıxış etdi. O, eposdakı boylar haqqında məlumat verərək, burada təsvir olunan xalq, Vətən, hakimiyyət və hakimiyyətin rəmzləri və ordu anlayışlarının eposdakı mənalarını izah edərək dastanda dövlət, xalq, ordu və bu kimi məsələlərə yanaşma və təsvir haqqında danışdı. Muxtar İmanov "Kitabi-Dədə Qorqud"dakı dövlətçilik təşəkkülü, cəmiyyətdə mövqe tutmaq haqqında söz açdı.

O, YUNESKO səviyyəsində dastanın öyrənilməsinin, ideya, əxlaqi, fəlsəfi keyfiyyətlərinin zənginliyi, bu eposun ümumbəşəri tərbiyəvi ideyasının böyük əhəmiyyət daşıdığını vurğuladı. O, eposun bədii xüsusiyyətlərinə toxunaraq Azərbaycanda yazılı ədəbiyyatın tarixindən də söz açdı. Həm ideya, həm məzmun, həm də bədii təsvir baxımından bu dastanın çox mükəmməl olduğunu dedi.
Sonda tələbələr məruzə ilə bağlı fikirlərini bildirdilər və tədbir sual-cavabla yekunlaşdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti