...

Bakıda insan alveri cinayətlərinin təqibi mövzusunda beynəlxalq seminar keçirilir

Cəmiyyət Materials 14 Mart 2016 16:57 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) və Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə martın 14-də "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzində "İnsan alveri cinayətlərinin təqibi və bu istiqamətdə koordinasiya" mövzusunda beynəlxalq seminar öz işinə başlayıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Şərif Əsədullayev tədbiri açaraq qonaqları nazirliyin rəhbərliyi adından salamlayıb, seminarın Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrasını təmin etmək məqsədilə təşkil olunduğunu xatırladıb və iştirakçılara uğurlar arzulayıb.

Baş İdarə rəisi 2005-ci ildən respublikamızın insan alverinə qarşı mübarizə üzrə bütün beynəlxalq konvensiyalara qoşulması, bu sahədə mükəmməl qanunvericilik sisteminin yaradılması, eyni zamanda insan alveri qurbanlarının reabilitasiyası ilə əlaqədar olaraq Milli İstiqamətləndirmə Mexanizmi çərçivəsində hökumət tərəfindən 20-yə yaxın qərar qəbul olunması barədə məlumat verib.

O deyib ki, insan alveri cinayətlərinin təqibinin təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyi sistemində İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi, ona bilavasitə tabe olan Sığınacaqlar və "Qaynar xətt" xidməti yaradılıb. Qeyd olunub ki, Baş İdarə son 10 ildə insan alveri cinayətlərinin təqibi sahəsində böyük təcrübə toplayıb. Baş İdarə dövlət qurumları və beynəlxalq təşkilatlar ilə sıx əlaqə saxlayaraq, onların tələb və tövsiyələrini həmişə öz fəaliyyətində nəzərə alıb, əməkdaşlar isə öz təcrübələrini həmkarları ilə bölüşürlər.

Üç gün davam edəcək tədbirdə Gürcüstan, Qırğızıstan və Ukraynanın səlahiyyətli nümayəndələri, ABŞ-dan olan ekspertlər, eyni zamanda respublika Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası, Bakı, Gəncə, Lənkəran, Şəki Ağır Cinayətlər məhkəmələrinin hakimləri, Baş Prokurorluq, Ədliyyə və Xarici İşlər nazirlikləri, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi, Miqrasiya və Sərhəd xidmətlərinin, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının məsul əməkdaşları və Vəkillər Kollegiyasının üzvləri iştirak edirlər.

Beynəlxalq seminarda insan alveri və məcburi əmək cinayətlərinin ibtidai araşdırılması, mühakiməsi üzrə hüquq mühafizə orqanlarının qarşılıqlı fəaliyyəti və cinayət işlərinə dair hüquqi yardımın göstərilməsi məsələləri, bu istiqamətlərdə yerli və beynəlxalq təcrübənin müzakirə olunması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti