...

Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə yeni evlər verilib (FOTO)

Cəmiyyət Materials 8 İyun 2016 14:05 (UTC +04:00)
Cari ilin ötən dövründə nazirlik tərəfindən artıq 180 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin olunub.
Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə yeni evlər verilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il 20 iyun tarixli sərəncamına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Tərtər və Ağcabədi rayonlarının hər birində 4 ədəd olmaqla, ümumilikdə 8 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, evlərin istifadəyə verilməsi tədbirlərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, müvafiq rayonların İcra Hakimiyyətlərinin rəsmiləri, əlil ictimai təşkilatlarının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbirlərdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu sosial siyasət kursunun hər bir vətəndaşın rifahının yaxşılaşmasına, eyni zamanda sosial cəhətdən həssas təbəqələrdən olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə şərait yaratdığı vurğulanıb. Bildirilib ki, dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunduğu ölkəmizdə bütün sosial proqramlar, o cümlədən müharibə əlilləri və şəhid ailələrinin yeni mənzillərlə təminatı işləri də uğurla davam etdirilir.

Dövlət başçısının 2014-cü il 20 iyun tarixli sərəncamına əsasən, respublikamızın bölgələrində fərdi və çoxmənzilli yaşayış evləri inşa olunaraq Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilir. Cari ildə də bu istiqamətdə məqsədyönlü işlər aparılır. Bu ilin ötən dövründə Siyəzən, Şabran, Qusar, Şamaxı, Ağstafa, Qazax, Biləsuvar, Sabirabad, İmişli, Füzuli, Oğuz, Şəki, Beyləqan və digər rayonlarda fərdi yaşayış evləri, Beyləqan rayonunda çoxmənzilli yaşayış binası, Abşeron rayonunda hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş mənzillər həmin insanlara təqdim edilib. Ümumilikdə cari ildə artıq 180 nəfər Qarabağ müharibəsi əlilinin və şəhid ailəsinin yeni mənzillərlə təminatı həyata keçirilib.

Cəbhəyanı rayonlarda da müvafiq şəxslər üçün mənzil tikintisi uğurla həyata keçirilir. Bu işlərin davamı kimi, ötən il Tərtər rayonunda 54 mənzilli yaşayış binası, Ağcabədi rayonunda 14 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. Hazırda isə bu rayonların hər birində daha 4 ədəd fərdi yaşayış evi həmin insanlara təqdim olunur.

Yeni fərdi yaşayış evləri ilə təmin edilən Qarabağ müharibəsi əlilləri və şəhid ailələri sosial təminatlarının daim gücləndirilməsindən razılıqla söz açıblar. Onlar hərtərəfli diqqət və qayğı ilə əhatə olunmalarına, hazırda isə yeni fərdi yaşayış evləri ilə təmin edilmələrinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

İstifadəyə verilən 8 ədəd fərdi yaşayış evindən 2 ədədi Qarabağ müharibəsi əlillərinə, 6 ədədi isə şəhid ailələrinə təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti