Bakı. Trend:
İyunun 8-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin H.Sarabski adına Mədəniyyət Evi "Bizim Evin Qonaqları" rubrikasında növbəti görüş keçirib. İdarədən Trend-ə verilən məlumata görə, Binəqədi Mərkəzi Mədəniyyət evində təşkil olunmuş görüşün bu dəfəki qonağı əməkdar artist, professor, tarzən Vamiq Məmmədəliyev olub.
Tədbir dəyərli sənətkarın 70 illik yubileyinə həsr olunmuş video çarxla açıq elan olunub, sonra isə aparıcı Nuranə Axundovanın təqdimatında Vamiq müəllimlə söhbətlə davam edib.
Tədbirdə qonaq qismində xalq artisti, tarzən Zamiq Əliyev, əməkdar artistlər Mirnazim Əsədulllayev, Ağalar Bayramov, Hüseyn Bakılı, kinorejissor Tahir Əliyev, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mehriban Qasımova, V. Məmmədəliyevin çalışdığı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbə heyəti, media nümayəndələri iştirak ediblər.
Məşhur tarzənin ailə üzləri öz yaddaqalan maraqlı xatirlərini paylaşıblar, pərəstişkarlarından biri olan M. Akçay sənətkara həsr etdiyi " Tarın yaşayan əfsanəsi" adlı şeirini səsləndirib, Vamiq müəllimin tələbələri isə öz ifaları ilə görüşə daha da rəng qatıblar.
Sonda H.Sarabski adına Mədəniyyət Evinin rəhbərliyi adından yubilyara xatirə hədiyyəsi təqdim olunub.