...

Təhlükəli tullantıların saxlanılması ilə bağlı yeni qaydalar qəbul edildi

Cəmiyyət Materials 23 İyun 2016 09:37 (UTC +04:00)
Azərbaycan Nazirlər Kabineti “Təhlükəli tullantıların saxlanılması Qaydası”nı təsdiq edib.
Təhlükəli tullantıların saxlanılması ilə bağlı yeni qaydalar qəbul edildi

Bakı. Trend:

Azərbaycan Nazirlər Kabineti “Təhlükəli tullantıların saxlanılması Qaydası”nı təsdiq edib.

Trend xəbər verir ki, Baş nazir Artur Rəsizadə tərəfindən imzalanan qərara əsasən, bu Qayda müəssisələrdə, istehsalat və xidmət sahələrində, təşkilatlarda və ya onların struktur bölmələrində təhlükəli tullantıların ətraf mühit və insan sağlamlığı üçün təhlükəsiz şəraitdə saxlanılması və təhlükəli tullantıların yerləşdirilmə obyektində (təhlükəli tullantılar poliqonunda) yerləşdirilməsi (saxlanılması və ya basdırılması) qaydalarını müəyyən edir.

Müəssisədə təhlükəli tullantılar növünə, tərkibinə və xüsusiyyətinə görə çeşidlənməlidir. Tullantıların çeşidlənməsi ətraf mühit və insan sağlamlığı üçün təhlükəsiz şəraitdə həyata keçirilməlidir.

Çeşidləndikdən sonra təhlükəli tullantıların bir-birinə qarışmaması və ətraf ərazilərə yayılmaması üçün tez bir zamanda müvafiq qablarda (konteynerlərdə, tutumlarda, qutularda, sukeçirməyən hermetik kisələrdə, çəlləklərdə) qablaşdırılmalıdır.

Müəssisədə təhlükəli tullantıların saxlanılması məqsədi ilə müvafiq ərazi müəyyən edilməli, təhlükəli tullantıların saxlanılması üçün nəzərdə tutulmuş ərazi ətraf mühitdən təcrid olunmalı, həmçinin təhlükəlilik barədə müvafiq xəbərdaredici nişanlar və ya lövhələr quraşdırılmalıdır.

Təhlükəli tullantıların yerləşdirilmə obyektində (təhlükəli tullantılar poliqonunda) təhlükəli tullantıların yerləşdirilməsi mütləq sənədləşdirilməlidir (bu sənədlərə təhlükəli tullantının pasportunun surəti, tullantıların təhvil verilməsi barədə qaimələr və ya təhvil-təslim aktları aiddir).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti