Bakı. Maksim Tsurkov – Trend:
Azərbaycanda gimnastika çox gözəl inkişaf edir. İstərdim ki, bütün ölkələrdə belə olsun.
Bunu Trend-ə bədii gimnastika üzrə finlandiyalı məşqçi Larisa Qryadunova deyib.
Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya Kuboku finalından danışan L.Qryadunova bildirib ki, Finlandiyanı ölkə çempionu Yekaterina Volkova təmsil edəcək: "Volkova Olimpiya oyunlarına lisenziya alıb, ona görə də Olimpiada öncəsi son start çox vacibdir. Biz proqramımızı yenidən yoxlamaq və bu yarışlarda olacaq səhvlərə diqqət ayırmaq istəyirik. Yəni Bakı tamaşaçıları Volkovanın Olimpiadada olacaq həmin proqramını əyani görə biləcəklər".
Onun sözlərinə görə, Bakıda yarışlar üçün çox yaxşı şərait var: "Biz Bakıya ilk dəfə gəlmirik, burada gözəl salon, gözəl insanlar var. İnsanlar gimnastikanı sevirlər, burada gimnastika üçün çox şey edirlər. Ölkə bu idman növünü çox gözəl inkişaf etdirir. Çox istərdim ki, bütün ölkələrdə belə olsun”.
Qeyd edək ki, bu il bədii gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək. Beləliklə, Bakı tamaşaçısı ilin əsas hadisəsi - Rio Olimpiya Oyunlarından iki həftə öncə dünyanın 20 ölkəsindən məşhur gimnastların çıxışlarını izləmək üçün unikal imkan əldə edəcəklər.
Yarışların ilk iki günü 31 gimnast və 12 qrup hərəkətləri komandası medallar uğrunda çoxnövçülükdə mübarizə aparacaq. Kubokun son günü ayrı-ayrı alətlər üzrə final mərhələləri baş tutacaq.
Bu dəfə də bədii gimnastika həvəskarlarını quruluşu milli yığma komandanın baş məşqçisi Mariana Vasilevaya məxsus möhtəşəm açılış (22 iyul) mərasimi, həmçinin məşhur idmançılarla yanaşı, Azərbaycan gimnastikasının gələcəyi olan gənc gimnastların çıxışlarının da nümayiş olunacağı ənənəvi qala-konsert (24 iyul) gözləyir.