...

Mədəniyyət ən böyük sərvətimizdir

Cəmiyyət Materials 28 İyul 2016 15:30 (UTC +04:00)
Mədəniyyət insana bəxş edilən ən böyük şəxsi dəyərlərdən biri kimi onun formalaşmasında, cəmiyyətdə öz yerini tapmasında böyük rol oynayır.
Mədəniyyət ən böyük sərvətimizdir

Bakı. Trend:

Mədəniyyət insana bəxş edilən ən böyük şəxsi dəyərlərdən biri kimi onun formalaşmasında, cəmiyyətdə öz yerini tapmasında böyük rol oynayır. İnsan öncə valideynləri tərəfindən tərbiyə olunur. Amma valideynlərin övlada verdiyi tərbiyə kifayət etmir. Çünki o həmişə uşaq qalmır. Böyüyür və onun tərbiyəsinə ətraf mühitin təsiri az olmur. Artıq burada mədəniyyət formalaşmağa başlayır.

Mədəni insan yalnız özü üçün mədəni xarakter daşımır, o həm də yaşadığı ölkənin mədəniyyətini xarakterizə edir. Özü kimi minlərlə insanın da mədəni mühitinin formalaşmasına kömək edir. Mədəniyyət təkcə ailədə yox, bir çox sahələrdə özünü göstərir. Məs: danışmaq, dinləmək, süfrə, küçə mədəniyyəti. Bunlardan sonuncusu “küçə mədəniyyəti” geniş termin olmaqla yanaşı, həm də indi aktual məsələlərdən biri sayılır.

Bir insanın mədəni olub-olmadığını yalnız küçədə müşahidə edə bilərsən. Hər yer ola bilər: kafe, restoran, univerisitet, məktəb və.s. Bunların içərisində ən maraqlısı marşrut və metroda yaranan vəziyyətdir. İllər keçsə də, yeganə dəyişməyən və insanların narahatlığına səbəb olan əsas məsələ bu iki nəqliyyat vasitəsində sıxlıq probleminin yaranmasıdır. Səhər saat 9:00 və saat 19:00 əhalinin sıxlığınının ən pik nöqtəsidir. Bir sıra xoşagəlməz halların yaranmasına səbəb olur. Təkcə metro və ya avtobuslara minərkən deyil, bankomatlarda, marketlərdə, bir sözlə insanların sıx olduğu yerlərdə insanların heç bir sıraya məhəl qoymadan bir-birilərinin önünə keçməsinin və nəticədə yaranan qarma-qarışıqlığın dəfələrlə şahidi olmuşuq. Sual yaranır, bu insanlar niyə belə edirlər? Belə aqressiv olmaqdansa, daha mədəniyyətli tərzdə davranıb, növbədə dayana bilmərikmi?

Əlbəttə edə bilərik, bu, bizim əlimizdədir. Sırada dayanmağın özü bir mədəniyyətdir. Bu mədəniyyət insanlara, ən başlıcası isə insanın özünə hörmətdən irəli gəlir. Bir misal...

Sırada dayanmaqda ən məşhur xalq ingilislərdir, ya da adları çıxıb, “English queue”, yəni ingilis sırası. İngilislər hər yerdə sırada dayanırlar, hətta avtobus dayanacağında belə. Qoca, cavan, qadın, kişi olmasından asılı olmayaraq, hamı sırada dayanır, təkcə qüsurlu insanların sıradan kənar keçməsinə icazə verirlər. Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir. Bizdə hətta sıraya dayanmaq üçün nömrə götürülən yerlərdə belə sıranı pozan insanlar var.

Təəssüf...Təəssüf ki, biz metro stansiyalarının girişlərində quraşdırılmış post-terminallara gediş haqqı yükləmək üçün, demək olar ki, bir-birimizə aman vermirik. Hətta pik saatlarda elə hallar olur ki, ayaqlar altında qalıb tapdalananlar, çantaları cırılanlar, bir-birini itirənlər də olur. Təəssüf ki, belə məqamlarda insanlar nə qocalara, nə uşaqlara, nə əlişaqlı qadınlara, nə də hamilə xanımlara yol və sıra vermək istəmirlər.Məgər onların ailələri də bu qədər etinasızdırlar? Yəqin ki, bu belədir. Məhz etinasız ailələrin "tərbiyələri" fonunda bu kimi utancverici hadisələr yaşanır. Amma bunun qarşısını almaq üçün yəqin ki, bir iş görməyin zamanı çatıb. Axı Azərbaycan gündən-günə inkişaf edir, ölkəyə gələn əcnəbilərin sayı artır. Ölkəmiz və paytaxtımız beynəlxalq toplantıların mərkəzinə, turizm məkanına çevrilir. Bu kimi hallar çoxalarsa, xalqımızın nüfuzuna zərər dəyə bilər.

Məncə, belə olan halda, hər birimiz bir vətəndaş olaraq, öz iradlarımızı bildirməli, bu kimi halların qarşısını almaq üçün əlimizdən gələni etməliyik. Yoxsa gec olar...

BDU-nun jurnalistika fakültəsinin

Güntac Şahməmmədova

III kurs tələbəsi

Məqalədə:
Xəbər lenti

Xəbər lenti