Bakı. Samir Əli - Trend:
2016-cı ilin birinci yarım ili ərzində Azərbaycanda aşkar olunan İİV-ə yoluxma hallarının 20,3%-i narkotika istifadəsindən baş verib. Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib. Məlumatda deyilir ki, həmçinin 1987-2016-cı illər ərzində isə aşkar olunan halların 49,2%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib.
2016-cı ilin 6 ayı ərzində İİV-ə yeni yoluxma halları 283 təşkil edib. Onlardan 276-ı (97,5%) Azərbaycan vətəndaşlarında, 7-i (2,5%) isə əcnəbilərdə aşkarlanıb. Qeydiyyata alınmış 276 yerli sakinlərdən 180-i (65,2%) kişi, 96-sı (34,8%) qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə 86 nəfər Azərbaycan vətəndaşlarından olan İİV-li xəstələr keçib.
2016-cı ilin 6 ayı ərzində İİV-ə yoluxması təsdiq olunmuş Azərbaycan vətəndaşları arasında yoluxma yolları aşağıdakı kimi olub: 56 nəfər (20,3%) parenteral, 160 nəfər (58,0%) heteroseksual, 5 nəfər (1,8%) homoseksual kontakt nəticəsində, 4 nəfər (1,7%) şaquli yolla, 51 nəfərin (18,5%) yoluxma yolu müəyyənləşdirilməkdədir.